Beynəlxalq hüquq işləməyəndə sülhün təminatı yalnız gücdür
“Bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir. Bu ədalət Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində təcəlli tapıb. Bu siyasət Qarabağı Azərbaycan edən siyasətdir. Qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha onu göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın növbəti tarixi Zəfəri oldu”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, cənab Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirməsi antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Çünki rəsmi İrəvan davamlı olaraq Qarabağdakı separatçı rejimi müstəqil siyasi hakimiyyət kimi təqdim edir, habelə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini Azərbaycanla sülh müqaviləsi müstəvisinə gətirir, bölgə ilə bağlı avantürist planları reallaşdırmaq əzmini göstərirdi. Qarabağda humanitar böhran şousu, bölgənin erməni əhalisinə qarşı etnik təmizləmə və soyqırımı iddiaları da Ermənistanın xarici siyasətinin başlıca istiqamətlərini təşkil edirdi. Əlbəttə, bütün bunlara qarşı dözümün də bir həddi olmalı idi.
“Azərbaycan özünün sülh səylərini sonadək davam etdirdi. Hətta Ermənistanın “blokada” və “Laçın dəhlizi” ilə bağlı şou yaratdığı zaman ölkəmiz Qarabağ ermənilərə öz humanitar dəstəyini əsirgəmədi. Lakin Ermənistandakı revanşist qüvvələr, separatçılar və İrəvanı dəstəkləyən havadarları yaranmış vəziyyətin sülh yolu ilə başa çatmasına imkan vermədilər. Nəticədə Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qaldı. Dövlətimizin başçısı əmin idi ki, beynəlxalq hüquq işləməyəndə məsələlərin yeganə həlli güc yolu olur. Cənab Prezidentin sözlərinin təbiri ilə desək, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.
Rəşadət Xalıqov əlavə edib ki, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən, hərbi postlardan çıxması, tam şəkildə tərksilah olunması və Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar olmasıdır. Sözsüz ki, antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi ölkəmizin böyük uğurudur.