Gündəm

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib

Aprelin 19-da “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib. Tədbirdə dövlət qurumlarının, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Globalnews.az xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hesabat məruzəsi ilə çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin sədri Tahir Xudiyev 2008-ci ildən təsis olunan birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Təşkilatın cəmiyyətin həssas təbəqəsinin sosial müdafiəsi və hüquqlarının müdafiəsi ilə əlaqədar gördüyü işləri diqqətə çatdıran Tahir Xudiyev göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkürlərini bildirib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Dövlət Gömrük Komitəsi Gömrük Siyasəti Baş İdarəsinin Metodologiya idarəsinin rəisi Rövşən Namazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ rayonu üzrə sektorunun müdiri Cəsarət Qəhrəmanov, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin üzvləri Hüseynağa Əlixanov, Həsənağa Bayramov və başqaları təşkilatın fəaliyyətini yüksək dəyərləndirib, hesabatı qənaətbəxş hesab ediblər.

Tədbirin sonunda təşkilatın fəaliyyətinə dair video-çarx nümayiş olunub, məhdudiyyəti olan insanların hüquqları ilə bağlı suallar cavablandırılıb.

Oxşar Xəbərlər

Back to top button