AnalitikaGündəmSiyasət

“Bərpaolunan enerji, qaz ixracı və regional enerji paylanması: Azərbaycanın enerji strategiyası və yeni geoiqtisadi mövqeyi”

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə təkcə xarici siyasətin siyasi nəticələrini deyil, eyni zamanda Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirən enerji strategiyasını da əhatəli şəkildə izah edir. Müsahibədə xüsusi yer tutan mövzulardan biri bərpaolunan enerji mənbələrinə yönəlmiş dövlət siyasəti, enerji infrastrukturunun genişləndirilməsi, qaz ixracının coğrafiyasının artırılması və Azərbaycanın regionda etibarlı enerji tərəfdaşı rolunun daha da möhkəmlənməsidir. Prezident İlham Əliyev bu istiqamətlər üzrə konkret rəqəmlər, real layihələr və strateji baxış təqdim etməklə Azərbaycanın enerji siyasətinin 2025-ci ildə hansı mərhələyə yüksəldiyini göstərir.

Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan bərpaolunan enerji sahəsinə xüsusi önəm verir və bu prosesin başlanğıcında əsas məqsəd təbii imkanlardan maksimum istifadə etmək olub. Dövlət başçısı qeyd edir ki, beynəlxalq təşkilatların dərin təhlilləri nəticəsində Azərbaycanın potensialı təsbit edilib və xüsusilə külək enerjisi potensialının 150 giqavatdan çox olduğu bildirilir. Prezident İlham Əliyev günəşli günlərin çoxluğunu da xatırladır və Xəzər dənizinin külək enerjisi potensialının böyük olduğunu qeyd edir. Beləliklə, Prezident İlham Əliyev bərpaolunan enerjiyə yönəli strategiyanı yalnız “trend” kimi deyil, Azərbaycanın mövcud resurslarının səmərəli istifadəsi kimi təqdim edir.

Prezident İlham Əliyev bildirir ki, Azərbaycan bu imkanları dünya energetika aləminə təqdim etdikdə böyük maraq görüb. Dövlət başçısı konkret olaraq əsas investor kimi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətini qeyd edir: “Masdar” artıq birinci Günəş elektrik stansiyasını inşa edib və həmin stansiya 230 meqavat gücündədir. Prezident İlham Əliyev əlavə edir ki, ikinci stansiya yaxın günlərdə istismara veriləcək və burada investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Bu stansiyanın gücü 240 meqavatdır. Prezident İlham Əliyev üçüncü böyük stansiyanın isə bp şirkəti tərəfindən Cəbrayıl rayonunda inşa olunduğunu bildirir və həmin stansiyanın da 240 meqavat gücündə olduğunu qeyd edir. Dövlət başçısı bunun yalnız başlanğıc olduğunu və gələcəkdə daha böyük layihələrin gələcəyini vurğulayır.

Prezident İlham Əliyev qeyd edir ki, Çin və Türkiyə şirkətləri də bərpaolunan enerji sahəsində maraq göstərirlər və Azərbaycan şirkətləri də bu prosesə qoşulmağa dəvət olunub. Dövlət başçısı bildirir ki, bu sahə gəlirli və ölkə üçün lazım olduğu üçün artıq yerli şirkətlər də layihələrdə iştirak edir. Prezident İlham Əliyev hətta keçən ilin sonunda Cəbrayılda iki stansiyanın təməlini qoyduğunu da xatırladır. Bu faktlar göstərir ki, Azərbaycan bərpaolunan enerji sahəsində yalnız xarici investorları cəlb etmir, eyni zamanda daxili biznesin də bu sektora inteqrasiyasını sürətləndirir.

Prezident İlham Əliyev bərpaolunan enerji strategiyasını yalnız elektrik istehsalı kimi deyil, enerji sisteminin bütöv transformasiyası kimi təqdim edir. Dövlət başçısı bildirir ki, günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib və həm quruda, həm dənizdə, o cümlədən azad edilmiş torpaqlarda layihələr planlaşdırılır. Prezident İlham Əliyevin fikrincə, hazırda əsas vəzifə enerji mənbələrini qəbul etmə imkanlarını genişləndirməkdir. O qeyd edir ki, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat günəş, külək və su enerjisinin sistemə daxil edilməsi planlaşdırılır. Bu miqyaslı rəqəmlər bərpaolunan enerjinin Azərbaycanın enerji gələcəyində necə böyük yer tutacağını göstərir.

Prezident İlham Əliyev bu enerjini qəbul etmək üçün enerji sisteminin gücləndirilməli olduğunu bildirir və bu prosesin “Energy Grid” adlandırıldığını qeyd edir. Bununla paralel olaraq batareya saxlanc sistemlərinin qurulmasının vacibliyini vurğulayır. Dövlət başçısı bildirir ki, ilkin mərhələdə xarici şirkətlərin investor kimi cəlb edilməsi planlaşdırılsa da, böyük maraq olmadığı üçün dövlət xətti ilə 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır və daha da çox olacaq. Prezident İlham Əliyev qısamüddətli planların 8 giqavat enerji əldə etmək olduğunu bildirir.

Prezident İlham Əliyev bu strategiyanın əsas nəticələrindən birini xüsusilə vurğulayır: bərpaolunan enerji nə qədər çox olsa, ixrac üçün o qədər çox qaza qənaət etmək mümkün olacaq. Bu, enerji siyasətinin geoiqtisadi nəticəsidir. Dövlət başçısı bildirir ki, Azərbaycanın qaz ixracı həcmi və coğrafiyası artır. Prezident İlham Əliyev qeyd edir ki, indiyədək 11-i müntəzəm əsasda olmaqla 14 ölkə qazla təchiz edilib və ümumilikdə boru kəməri vasitəsilə qaz nəqlinin coğrafiyası 14 ölkəni əhatə edir. Dövlət başçısı əlavə edir ki, bu il daha iki Avropa ölkəsi əlavə olunacaq və ümumilikdə 16 ölkə olacaq. Prezident İlham Əliyev vurğulayır ki, dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Bu, Azərbaycanın enerji diplomatiyasının və infrastrukturunun unikal göstəricisi kimi təqdim olunur.

Prezident İlham Əliyev ixracın 25 milyard kubmetrdən çox olduğunu qeyd edir və bu artımın iki mənbəyini göstərir: bərpaolunan enerji hesabına qənaət və yeni yataqlardan hasilat. Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli” dərin qaz yatağından yeni hasilatın bu il başlanacağını gözlədiklərini bildirir. Eyni zamanda “Şahdəniz”də yeni mərhələ – “Şahdəniz Kompressiya” layihəsi ilə əlavə qaz həcmlərinin təmin ediləcəyini qeyd edir. Prezident İlham Əliyev “Babək” yatağını və xüsusilə “Abşeron” yatağını da vurğulayır. Dövlət başçısı bildirir ki, “Abşeron”un ikinci mərhələsi bugünkündən 3 dəfə daha çox qaz təmin edə bilər və bu da bazarlar üçün əlavə imkanlar açır.

Prezident İlham Əliyev regional enerji paylanması mövzusuna toxunarkən, Suriyanı Azərbaycanın yeni tərəfdaşı kimi qeyd edir. Dövlət başçısı bildirir ki, Azərbaycan Suriyaya elektrik enerjisi çatışmazlığını azaltmağa kömək edir və Azərbaycanın qazı onlara gündə təxminən 4 saatadək elektrik çatışmazlığını azaltmaq imkanı verir. Prezident İlham Əliyev təchizatı artırmaq variantının da nəzərdən keçirildiyini bildirir. Bu fakt Azərbaycan qazının təkcə Avropa üçün deyil, daha geniş region üçün enerji təhlükəsizliyində rol oynadığını göstərir.

Prezident İlham Əliyev müsahibədə enerji mövzusunu beynəlxalq kontekstdə də şərh edir. O qeyd edir ki, bir neçə il əvvəl faydalı qazıntılara qarşı sərt yanaşma var idi və hamı bərpaolunan enerji haqqında danışırdı. Prezident İlham Əliyev bildirir ki, Prezident Tramp və onun administrasiyası bu yanaşmanı dəyişdi: Tramp bərpaolunan enerjiyə qarşıdır və faydalı qazıntının tərəfdarıdır. Dövlət başçısı vurğulayır ki, ABŞ dünyanın aparıcı ölkəsidir və orada baş verən dəyişikliklər müxtəlif istiqamətlərə təkan verir. Bu, enerji siyasətində qlobal tendensiyaların dəyişdiyini göstərən bir müşahidədir.

Prezident İlham Əliyev qeyd edir ki, Avropanın bəzi maliyyə təsisatları da artıq faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinə yenidən baxmağa başlayıblar. Dövlət başçısı xatırladır ki, COP29 zamanı o, faydalı qazıntının reallıqdan kənara qoyula bilməyəcəyini deyəndə bəzi yaşıl hərəkat qrupları tərəfindən tənqid olunub. Prezident İlham Əliyev isə bu mövqeyini reallığa əsaslanaraq müdafiə edir və qeyd edir ki, heç kim faydalı qazıntını inkar edə bilməz.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsinə əsasən, Azərbaycanın enerji strategiyası iki paralel xətt üzərində qurulub: bir tərəfdən bərpaolunan enerji ilə enerji sisteminin modernləşdirilməsi, digər tərəfdən qaz hasilatı və ixrac coğrafiyasının genişləndirilməsi. Bu strategiya Azərbaycanın həm iqtisadi gəlirlərini artırır, həm də beynəlxalq enerji təhlükəsizliyi sistemində etibarlı təchizatçı kimi rolunu gücləndirir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın enerji təhlükəsizliyi baxımından rolu yalnız artacaq, azalmayacaq. Elektrik enerjisi, yaşıl enerji, hidrogen və yaşıl hidrogen də əlavə olunarsa, bu rol daha da böyük olacaq.

Emin Rəhimov,
Yeni Azərbaycan Partiyasının  M.Füzuli küçəsi, 69 üzrə (FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) partiya təşkilatının sədri, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktor müavini

Oxşar Xəbərlər

Back to top button