
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) növbəti dəfə ən təhlükəsiz ölkələrin dünya reytinqində birinci yeri tutub. “Numbeo” platformasının “2025-ci ilin ortalarına olan “Ölkə təhlükəsizliyi indeksi” araşdırmasına görə, Əmirliklər 85,2 bal toplayıb. BƏƏ-dən sonra təhlükəsizlik baxımından ilk beşliyə Andorra, Qətər, Tayvan və Makao (Çin) daxil olub.
Globalnews.az xarici mediaya istinadla xəbər verir ki, BƏƏ yüksək həyat keyfiyyəti, sabitliyi və təhlükəsizliyi ilə tanınır. 2025-ci ilin mart ayında ölkə həmin reytinqdə ikinci olub və yalnız Andorra onu üstələyib. Hazırkı siyahıda Fransa ilə İspaniya arasında yerləşən və xizək kurortları ilə məşhur olan Andorra 84,8 bal toplayıb. Üçüncü yerdə 84,6 xalla Qətər qərarlaşıb. İlk beşliyi Tayvan və Makao tamamlayıb.
Siyahıda regionun digər ölkələri də təmsil olunub: Səudiyyə Ərəbistanı 14-cü, Bəhreyn 15-ci, Küveyt 38-ci, İordaniya isə 54-cü yerdədir. Asiya ölkələri arasında Pakistan 62-ci, Filippin və Hindistan isə müvafiq olaraq 66 və 67-ci yeri tutub. Siyahıda Böyük Britaniya 86-cı, ABŞ isə 91-ci yerdə qərarlaşıb.
“Economist Intelligence Unit”in (EIU) “Qlobal həyat tərzi” indeksinə görə, keçən il Əbu-Dabi və Dubay Yaxın Şərq və Afrikanın ən rahat şəhərləri arasında qalıb. Dubay səhiyyə və təhsil sahəsindəki uğurları sayəsində Əbu-Dabidən sonra ikinci olub.
“Numbeo”ya görə, Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunur. BƏƏ-nin paytaxtı təhlükəsizlik üzrə dünya reytinqində 88,2 bal toplayıb, burada cinayət nisbəti cəmi 11,8 baldır. Dubay isə planetin ən təhlükəsiz şəhərləri arasında beşinci yerdədir.