AnalitikaGündəmSiyasət

Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,  ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağıölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir. “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın  Dövlət Bayrağı milli müstəqilliyin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəyə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”. Biz milli kimliyimiz göstərən bayrağımıza hər zaman, hər yerdə böyük hörmət bəsləyir, onu başımız üzərində dalğalandırırıq.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button