AnalitikaGündəmSiyasət

Batareya Enerji Saxlanc Sisteminin yaradılması bərpaolunan enerji istehsalında fasiləsizliyi təmin etməklə yanaşı, enerji sisteminin dayanıqlığını və çevikliyini artıracaq

Aşağıkarbonlu inkişaf modelinə keçid və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi bu gün Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, iqlim çağırışları və yeni texnoloji imkanlar fonunda ölkəmizin bərpaolunan enerji potensialının sürətlə artması strateji əhəmiyyət kəsb edir. Məhz bu baxımdan Azərbaycan qarşıdakı illərdə regionun aparıcı “yaşıl enerji” mərkəzlərindən birinə çevrilmək üçün genişmiqyaslı və məqsədyönlü addımlar atır. Azərbaycanın coğrafi mövqeyi, təbii iqlim şəraiti və mövcud enerji infrastrukturu bərpaolunan enerji mənbələrinin inkişafı üçün olduqca əlverişlidir. Külək və Günəş enerjisi potensialının artması təkcə yeni generasiya güclərinin yaradılmasını deyil, eyni zamanda bu enerjinin səmərəli idarə olunmasını və saxlanmasını da zəruri edir. Bu reallığı nəzərə alaraq, ölkəmiz tarixində ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi layihəsinin icrasına start verilməsi xüsusi əhəmiyyət daşıyır. İlkin mərhələdə 250 meqavat gücündə nəzərdə tutulan bu layihə “AzərEnerji” tərəfindən dövlət vəsaiti hesabına həyata keçirilir və enerji sektorunda keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Batareya Enerji Saxlanc Sisteminin yaradılması bərpaolunan enerji istehsalında fasiləsizliyi təmin etməklə yanaşı, enerji sisteminin dayanıqlığını və çevikliyini artıracaq. Günəş və külək kimi mənbələrin təbiətdən asılı olması enerji balansının düzgün tənzimlənməsini tələb edir. Məhz bu baxımdan enerji saxlancları gələcəkdə artacaq potensialın səmərəli istifadəsi üçün əsas infrastruktur elementlərindən birinə çevriləcək. Qarşıdakı mərhələlərdə belə sistemlərin sayının artırılması artıq zərurət kimi qarşıya çıxır və bu sahədə xarici investorların prosesə cəlb edilməsi Azərbaycanın açıq və əməkdaşlığa əsaslanan enerji siyasətinin bariz nümunəsidir.

Azərbaycanın generasiya gücləri ilə bağlı planları da kifayət qədər iddialıdır. İmzalanmış beynəlxalq kontraktlar əsasında 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bu göstəricilər Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payının kəskin şəkildə artacağını deməyə əsas verir. Bu layihələr həm daxili tələbatın ödənilməsinə, həm də gələcəkdə “yaşıl enerji”nin ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.

Bununla yanaşı, su elektrik stansiyalarının potensialı da Azərbaycanın enerji strategiyasında mühüm yer tutur. Son beş il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyasının inşa edilməsi bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Hazırda bu stansiyaların ümumi gücü 300 meqavatdan artıqdır və regionun enerji təminatında mühüm rol oynayır. Bu layihələr eyni zamanda azad edilmiş ərazilərin bərpası, iqtisadi fəallığın artırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Bu gün bütün ölkə ərazisi, o cümlədən azad edilmiş torpaqlar vahid enerji şəbəkəsi ilə tam şəkildə birləşdirilib. Bu isə enerji axınlarının istənilən istiqamətdə ötürülməsini və qəbulunu təmin etməklə, sistemin çevikliyini və etibarlılığını daha da artırır. Vahid şəbəkə modeli həm daxili enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də gələcəkdə regional enerji əməkdaşlığı layihələrində Azərbaycanın rolunun güclənməsinə şərait yaradır. Azərbaycanın bərpaolunan enerji potensialının artması təkcə texniki və iqtisadi məsələ deyil, eyni zamanda strateji və geosiyasi əhəmiyyətə malik bir prosesdir. Yeni generasiya gücləri, enerji saxlancları, su elektrik stansiyaları və müasir infrastruktur ölkəmizin enerji müstəqilliyini daha da möhkəmləndirir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr Azərbaycanın “yaşıl enerji”yə əsaslanan inkişaf modelini reallığa çevirəcək, ölkəmizi regionda və qlobal miqyasda etibarlı enerji tərəfdaşı kimi daha da önə çıxaracaq.

İslam Bafadarov ,
Yeni Azərbaycan Partiyası , məsləhətçi

Oxşar Xəbərlər

Back to top button