AnalitikaGündəmSiyasət

Bakı və Abşeron yarımadasında su təsərrüfatının dayanıqlı inkişafı strateji prioritetdir

12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramının əsas istiqamətləri və icra mexanizmləri müzakirə olunub. Prezident çıxışında bu sahədəki problemləri açıq şəkildə dəyərləndirib və konkret tapşırıqlar verib. Müşavirə Bakı şəhəri və Abşeron yarımadasında su təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi, suyun itkilərinin azaldılması, yağış və tullantı sularının idarə olunması və əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatı məqsədilə hazırlanmış 2026–2035-ci illər üçün Dövlət Proqramının təqdimatı və müzakirəsinə həsr olunub. Prezident İlham Əliyev qeyd edib ki, Bakı və Abşeron yarımadası ölkənin ən sıx məskunlaşmış və iqtisadi cəhətdən ən aktiv regionudur.

Əhalinin artımı, urbanizasiya prosesləri və iqlim dəyişikliklərinin təsiri su ehtiyatlarından səmərəli istifadənin və müasir infrastrukturun qurulmasının vacibliyini daha da artırır. Dövlət başçısı vurğulayıb ki, su təchizatı və tullantı sularının idarə olunması təkcə kommunal məsələ deyil, həm də ekoloji təhlükəsizlik, əhalinin sağlamlığı və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Çıxış zamanı Prezident son illərdə bu sahədə görülən işləri xatırladaraq, yeni su anbarlarının tikintisi, magistral xətlərin yenilənməsi, təmizləyici qurğuların yaradılması və itkilərin azaldılması istiqamətində mühüm addımların atıldığını bildirib. Bununla yanaşı, mövcud problemlərin hələ də qalmaqda olduğunu qeyd edən dövlət başçısı yeni Dövlət Proqramının bu problemlərin kompleks və sistemli həllinə xidmət edəcəyini vurğulayıb. İlham Əliyev proqramın hazırlanmasında müasir texnologiyaların tətbiqinin, beynəlxalq təcrübənin öyrənilməsinin və institusional idarəetmənin gücləndirilməsinin vacib olduğunu bildirib.

Xüsusilə yağış sularının idarə olunması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi məsələləri ön plana çəkilib. Prezident həmçinin aidiyyəti qurumlara proqramın icrası zamanı şəffaflığın təmin edilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə və işlərin mərhələli şəkildə, konkret nəticələr əsasında həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib. Dövlət başçısı vurğulayıb ki, 2026–2035-ci illəri əhatə edən bu Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasının su infrastrukturunu keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Müşavirə ölkədə su təsərrüfatı sahəsində uzunmüddətli planlaşdırmanın və davamlı inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button