AnalitikaGündəmSiyasət

Bakı ilə Mərkəzi Asiya arasında yeni iqtisadi üfüqlər: strateji potensialdan real nəticələrə

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində son dövrdə müşahidə olunan fəallıq regionlararası əməkdaşlığın keyfiyyətcə yeni məzmun qazandığını göstərir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfinin uzaq və əlçatmaz perspektiv kimi deyil, qarşıdakı illərdə reallaşdırılması mümkün olan konkret nəticə kimi təqdim edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə yanaşma Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı iqtisadi əlaqələrin mövcud səviyyə ilə kifayətlənmədiyini, qarşılıqlı ticarətin, investisiyaların və biznes əlaqələrinin daha yüksək mərhələyə çıxarılması üçün real zəminin formalaşdığını nümayiş etdirir. Burada əsas məsələ yalnız müəyyən bir maliyyə göstəricisinə nail olmaq deyil, həmin hədəfin arxasında dayanan uzunmüddətli iqtisadi tərəfdaşlıq mexanizmlərini formalaşdırmaqdır.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsində nəqliyyat və logistika amili xüsusi rol oynayır. Xəzər dənizi üzərindən keçən marşrutların inkişaf etdirilməsi, Şərq-Qərb istiqamətində nəqliyyat bağlantılarının gücləndirilməsi və Orta Dəhlizin imkanlarının artırılması region dövlətlərinin beynəlxalq bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın tranzit mövqeyinin əhəmiyyətini də yüksəldir. Bu baxımdan Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında əməkdaşlıq yalnız ikitərəfli ticarət göstəriciləri ilə ölçülməməlidir. Söhbət istehsal olunan məhsulların yeni bazarlara çatdırılmasından, logistika zəncirlərinin şaxələndirilməsindən, investisiya layihələrinin birgə həyata keçirilməsindən və regionlar arasında iqtisadi bağlılığın gücləndirilməsindən gedir. Nəticədə coğrafi baxımdan bir-birindən müəyyən məsafədə yerləşən ölkələr vahid iqtisadi məkanın müxtəlif həlqələri kimi çıxış edə bilərlər.

Bu prosesin geosiyasi əhəmiyyəti də iqtisadi perspektivlər qədər genişdir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin enerji, nəqliyyat, ticarət, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığı regional dayanıqlığın möhkəmlənməsinə xidmət edir. Xüsusilə qlobal iqtisadi münasibətlərdə alternativ marşrutlara və yeni tərəfdaşlıq formatlarına marağın artdığı bir şəraitdə Xəzər hövzəsi ətrafında yerləşən ölkələrin qarşılıqlı əlaqələrinin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycan bu prosesdə həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın iqtisadi imkanlarını birləşdirən mühüm bağlantı nöqtəsi kimi çıxış edir. Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi, Azərbaycan üçün isə regionun artan iqtisadi potensialından daha səmərəli yararlanmaq bu əməkdaşlığın qarşılıqlı faydalı xarakterini müəyyənləşdirir.

Bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfinin real perspektiv kimi qiymətləndirilməsi məhz bu geniş geoiqtisadi mənzərənin tərkib hissəsidir. Qarşıdakı illərdə iqtisadi əlaqələrin daha da şaxələndirilməsi, yeni birgə müəssisələrin yaradılması, qarşılıqlı investisiyaların artırılması və nəqliyyat imkanlarının genişləndirilməsi bu hədəfə çatmağı sürətləndirə bilər. Daha vacibi isə Azərbaycan ilə Mərkəzi Asiya arasında münasibətlərin yalnız ayrı-ayrı layihələrdən ibarət olmayan, uzunmüddətli və sistemli əməkdaşlıq modelinə çevrilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin qeyd etdiyi “vahid geosiyasi və geoiqtisadi region” yanaşması gələcəyə hesablanmış mühüm strateji baxışdır. Sözügedən yanaşma reallaşdıqca Bakı ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin həcmi artmaqla yanaşı, regionun beynəlxalq nəqliyyat, ticarət və investisiya xəritəsində çəkisi də əhəmiyyətli dərəcədə yüksələ bilər.

Fatimə Axundzadə,
YAP Xəzər RT-ı gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button