
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı böyük diqqətlə qarşılandı. Onun çıxışı həm səmimi dostluq mesajları, həm də regional əməkdaşlığa verdiyi önəmlə yadda qaldı.
Prezident İlham Əliyev ilk olaraq Tacikistan xalqını və Prezident Emoməli Rəhmonu ölkədə görülən işlərə görə təbrik etdi. O bildirdi ki, Düşənbə son illərdə sürətlə inkişaf edir, yeni binalar və müasir infrastruktur layihələri şəhərin simasını dəyişir. Dövlət başçısının bu sözləri Azərbaycan və Tacikistan arasında dərin dostluq və qarşılıqlı hörmət münasibətlərinin bariz ifadəsi idi.
Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin qardaşlıq və etimad üzərində qurulduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan və Tacikistan arasında münasibətlər ardıcıl inkişaf edir və bu əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur.
Çıxışın diqqətçəkən məqamlarından biri də Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Prezident bu qərara görə təşkilata üzv dövlətlərə təşəkkürünü bildirdi. O vurğuladı ki, bir vaxtlar işğal nəticəsində tamamilə dağıdılmış Laçın bu gün yenidən dirçəlir və müasir bir şəhərə çevrilib. Bu, Azərbaycanın azad edilmiş torpaqlarda apardığı genişmiqyaslı bərpa işlərinin real nəticəsidir.
Prezident İlham Əliyev, həmçinin, bu ilin sentyabr-oktyabr aylarında qədim Gəncə şəhərində keçirilmiş III MDB Oyunlarının əhəmiyyətindən danışdı. Oyunlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Bu tədbir MDB məkanında dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın güclənməsinə böyük töhfə verib.
Prezidentin Düşənbə çıxışı göstərdi ki, Azərbaycan regional əməkdaşlığa, qarşılıqlı hörmətə və humanitar dəyərlərin inkişafına daim önəm verir. İlham Əliyevin çıxışında səslənən fikirlər bir daha sübut etdi ki, ölkəmiz həm MDB-də, həm də beynəlxalq arenada sülh, tərəfdaşlıq və birgə inkişaf prinsiplərinin fəal müdafiəçisidir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisic