Azərbaycanla Misir arasında əlaqələr dərin tarixi köklərə söykənir
Azərbaycan-Misir əlaqələrinin tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İki ölkə arasındakı münasibətlər bu gün də sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri də Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir: “Hazırda iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Şübhə yoxdur ki, ölkələrimiz arasında imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaq. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Bu gün iki dost ölkə Misirlə Azərbaycan bir çox beynəlxalq təşkilatlar, o cümlədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. Misir torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, həmçinin İƏT-in Ermənistanın işğalçı siyasətini pisləyən qərarlarına qoşulub. 1994-cü ilin aprelində rəsmi Qahirə BMT-nin Cenevrədəki İnsan Hüquqları Komissiyasının 52-ci sessiyasında Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib.
Misir ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə də fəal iştirak edib. Hələ 2007-ci ilin aprelində Misirin nümayəndə heyəti Bakıda keçirilmiş “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransa qatılıb. Eyni zamanda Misirin nümayəndə heyətləri 2008-ci ilin iyununda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş Beynəlxalq Forumda, 2011-ci ilin aprelində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, ötən il ən yüksək səviyyədə təşkil olunmuş Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında da fəal iştirak ediblər.
Həsənova Səbinə,
YAP-ın fəalı