AnalitikaGündəmSiyasət

Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir

Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan mühüm hadisələrlə yadda qalan və “Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci il ölkəmiz üçün həm daxili, həm də xarici siyasət müstəvisində əlamətdar nailiyyətlərlə yekunlaşdı. Azərbaycan xalqı və dövləti 2020-ci ilin sentyabr-noyabr aylarında başlayan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl hərbi-strateji düşüncəsinin, siyasi iradəsinin və diplomatik uzaqgörənliyinin parlaq təcəssümü olan Vətən müharibəsində cəmi 44 gün ərzində tarixi Zəfərə imza atdı. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan bu möhtəşəm Qələbə təkcə Azərbaycanın son üç əsrlik tarixinin ən möhtəşəm hadisəsi kimi deyil, eyni zamanda ölkəmizin bu günü və gələcəyi üçün möhkəm təməl yaradan fundamental hərbi-siyasi dönüş nöqtəsi kimi tarixə həkk olundu.
Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Müharibə dövründə və ondan sonrakı mərhələdə ölkəmizə qarşı yönəlmiş açıq və gizli təzyiq cəhdləri tam iflasa uğradı. Azərbaycan Bayden–Blinken administrasiyası dövründə ABŞ da daxil olmaqla bir sıra iri dövlətlərin və beynəlxalq qurumların qərəzli mövqelərinə baxmayaraq, öz prinsipial və ədalətli mövqeyini qorumağı bacardı. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik qazandığı 34 il ərzində heç bir ölkə ilə, o cümlədən ABŞ-la münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb. Əksinə, rəsmi Bakı bütün dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və səmimi əməkdaşlığa əsaslanan siyasəti ardıcıl şəkildə davam etdirib.

Məhz bu kontekstdə 2024-cü ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən və yeni administrasiyanın fəaliyyətə başlamasından sonra Vaşinqtonun Azərbaycanla bağlı siyasətində ciddi və müsbət dəyişikliklərin müşahidə olunması xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Ağ Evdə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ABŞ-ın əvvəlki mövqeyindən köklü şəkildə fərqlənən yeni yanaşmasının bariz göstəricisi oldu. Eyni zamanda bu fakt Azərbaycanın sülh danışıqları prosesində ABŞ-ı digər vasitəçilərdən fərqli olaraq daha konstruktiv tərəfdaş kimi qəbul etdiyini sübut etdi. Təsadüfi deyil ki, sazişin məhz Vaşinqtonda paraflanması təşəbbüsü bilavasitə Azərbaycan tərəfindən irəli sürülmüşdü. Həmin gün Prezident Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması, SOCAR ilə “ExxonMobil” arasında Əməkdaşlıq Memorandumunun, eləcə də Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqlədi. Bu sənədlər enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi strateji sahələrdə əməkdaşlığın prioritetləşdirilməsini nəzərdə tutur. Razılaşmalar Azərbaycan–ABŞ münasibətlərinin uzunmüddətli və sistemli əsaslar üzərində inkişaf etdiriləcəyini göstərir. ABŞ-ın Azərbaycanı qlobal miqyasda strateji tərəfdaş kimi qəbul etməsi, Ağ Evin rəmzi açarının Prezident İlham Əliyevə təqdim olunması və onun ünvanına səsləndirilən yüksək fikirlər Prezident Trampın Azərbaycan liderinə şəxsi hörmətinin açıq ifadəsidir.

Ağ Evdə keçirilən avqust görüşlərinin mühüm nəticələrindən biri də Azərbaycanın əsas ərazisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə edilən razılaşma oldu. Rəsmi olaraq “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRİPP) adlandırılan bu təşəbbüs Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və Prezident İlham Əliyevin daha bir böyük diplomatik nailiyyəti kimi

qiymətləndirilə bilər.
Bütün bu faktlar bir daha sübut edir ki, ABŞ–Azərbaycan münasibətləri tarixində heç vaxt indiki qədər yüksək və qarşılıqlı faydaya əsaslanan səviyyədə olmayıb. Məhz buna görə də Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə vurğuladığı kimi, “Azərbaycan–Amerika münasibətləri baxımından 2025-ci il həqiqətən də tarixi il kimi dəyərləndirilə bilər”.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button