
Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında ölkə başçısı tərəfindən müvafiq Sərəncam imzalanıb və müəyyən işlər görülüb. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu baxımdan mühüm hadisədir. Dövlət başçısının çıxışında dağ-mədən və metallurgiya sənayesinin Azərbaycanın qeyri-neft sektorunun inkişafında yeni və perspektivli istiqamət olduğu vurğulanıb. Dövlət Proqramının əsas məqsədlərindən biri ölkənin mineral-xammal potensialının müasir texnologiyalar əsasında araşdırılması, mövcud yataqların istismara cəlb edilməsi və hasilatdan emala qədər tam istehsal zəncirinin yaradılmasıdır.
Müasir dövrdə iqtisadi dayanıqlılığın əsas şərtlərindən biri təbii sərvətlərdən səmərəli istifadə etməklə yanaşı, onların emalını və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını təmin etməkdir. Bu baxımdan, Azərbaycanın qeyri-neft sektorunun inkişafı, sənayenin şaxələndirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələyə başlayır. Məqsəd sadəcə hasilatı artırmaq deyil, ölkənin mineral-xammal bazasından maksimum dərəcədə istifadə etmək və ölkə daxilində mümkün qədər uzun istehsal zənciri yaratmaqdır. Azərbaycan üçün bu, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi kontekstində vacibdir. Neft-qaz sektoru uzun müddət ölkənin ixrac gəlirlərinin əsası olaraq qalsa da, ağır sənayenin digər istiqamətlərinin inkişafı yeni artım mənbələri yaratmaqla istehsal və ixrac strukturunu genişləndirməyə imkan verir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız sənaye istehsalının artmasına deyil, regionların sosial-iqtisadi inkişafına da mühüm töhfə verə bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni müəssisələrin yaradılması məşğulluğun artırılmasına, yerli iqtisadi fəallığın genişlənməsinə və Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edəcək. Yeni istehsal müəssisələrinin fəaliyyəti nəqliyyat, logistika, xidmət və digər əlaqəli sahələrin inkişafına da əlavə imkanlar yaradacaq. Eyni zamanda, sənaye potensialının genişlənməsi ölkənin ixrac imkanlarının və dövlət büdcəsinə daxilolmaların artmasına şərait yaradacaq.
Dövlət Proqramının 2027-2030-cu illəri əhatə etməsi isə qarşıdakı dövr üçün ardıcıl və sistemli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinəimkan yaradır. Proqram çərçivəsində nəzərdə tutulan layihələrin mərhələli şəkildə həyata keçirilməsi dağ-mədən və metallurgiya sənayesində yeni istehsal imkanlarının formalaşmasına, regionların iqtisadi fəallığının artmasına və sənaye potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər. Ümumilikdə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına yönələn bu siyasət Azərbaycanın sənaye strukturunda qeyri-neft sektorunun payının artırılması, yerli xammal bazasından daha səmərəli istifadə edilməsi və iqtisadiyyatın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından mühüm istiqamətlərdən biri kimi qiymətləndirilə bilər.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



