
2025-ci il fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən görüş, iki ölkə arasında diplomatik münasibətlərin inkişafında əlamətdar hadisə kimi yadda qaldı. Bu, Azərbaycan və Somali arasında ikitərəfli əlaqələrin tarixində ilk rəsmi səfər idi və tərəflər arasında yeni əməkdaşlıq perspektivlərinin əsasını qoydu.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda, Prezident Hasan Şeyx Mahmudu Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açacağına əminliyini bildirdi. O, həmçinin, keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran bir çox məsələlərin müzakirə edildiyini və imzalanmış sənədlərin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafına töhfə verəcəyini vurğuladı.
Görüş zamanı liderlər regional geosiyasi vəziyyəti və hər iki ölkənin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdilər. Onlar, həmçinin, ölkələrinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstəklərini, eləcə də terrorizm və ekstremizmə qarşı mübarizədə ortaq mövqelərini bir daha təsdiqlədilər.
Prezident İlham Əliyev Azərbaycanın 1990-cı illərdən başlayaraq üzləşdiyi çətinliklər, beynəlxalq səviyyədə tanınmış ərazilərinin erməni işğalından azad edilməsi və bu prosesdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi. O, siyasi sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu qeyd edərək, Azərbaycanın bu istiqamətdə atdığı addımları diqqətə çatdırdı.
Bu tarixi səfər və onun nəticələri, Azərbaycan və Somali arasında gələcək əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün mühüm bir addım olaraq qiymətləndirilir. İmzalanmış razılaşmaların həyata keçirilməsi ilə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da dərinləşəcəyi gözlənilir.
Sevinc Əliyeva,
YAP-ın gənc fəalı