AnalitikaGündəmSiyasət

“Azərbaycanın tarixi qələbəsi”

Azərbaycan tarixinin səhifələri xalqımızın bütövlüyü və müstəqilliyi uğrunda apardığı mübarizələrlə zəngindir. Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız düşmən tərəfindən işğal edilsə də, xalqımız nə ruhən, nə də mənən təslim oldu. Aprel döyüşləri zamanı qazandığımız qələbələr və xalqımızın birliyi, həmçinin Azərbaycan əsgərinin göstərdiyi hünər və şücaət düşmənlərimizin içinə qorxu salmış və gələcək zəfərin müjdəçisi olmuşdur. Nəhayət, 30 il keçdikdən sonra düşmənlərimizə “Dayan, yetər!” demənin vaxtı çatdı. Azərbaycan tarixinin və Türk tarixinin ən böyük zəfərlərindən birinin nəticəsi olan Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz gücünü bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində uzun müddət düşmən tapdağı altında qalmış bir çox torpaqlarımız bizə qayıtdı. Lakin bu müharibəni yaşayan hər kəsin qəlbini qan ağladan xəbərlər heç bir gün əskik olmadı: “şəhidlərimiz var…”

O müharibə dövründə rahat yaşamağımızın, evlərimizdə olan o sakitliyin, qayıdan torpaqlarımızın və böyük zəfərin, bunların hamısı şəhidlərimizin qanı, qazilərimizin canı bahasına ödənildi. Onlar hər şeyi bizim üçün etdilər, canlarından bizə və Vətənlərinə görə keçdilər.

Kiminin qardaşı, kiminin dostu, kiminin atası, Azərbaycanın bir çox igidləri də bu müharibəyə qatılaraq , Azərbaycan əsgərinin şücaətini, cəsarətini və düşmənə veriləsi bir qarış torpağın belə olmadığını sübut etdilər. Onların hər biri o yüksək və şərəfli zirvəyə ucalmağı gözə alaraq bu müharibədə qəhrəmanlıq göstərdilər. Mən deyərdim ki, hər bir Vətənini sevən oğulun arzusudur şəhidlik zirvəsinə ucalmaq. Bir azərbaycanlı olaraq bizim də borcumuz onların varlığını daima yaşatmaq, qəhrəmanlıqları haqqında gələcək nəsillərə çatdırmaqdır. Şəhidlərimizin hər biri Azərbaycanın sərvətidir – onları qorumalı və qəlblərimizdə yaşatmağın özü də ən böyük vətənpərvərlikdir. Unutmamalıyıq ki, bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında borcluyuq.Onların bizə miras qoyduğu azad Qarabağı qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs vəzifəsidir.

Qarabağ Azərbaycandır!
Zəfər səninlədir, Azərbaycan!

Əliyev Qurban,
Bakı Slavyan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button