
Azərbaycan elmi, eləcə də ümumilikdə cəmiyyətin həyatı on il əvvəl torpaq itkisi, xalqımızın yaşadığı faciələrin acı xatirələri ilə bağlı vəziyyətin təzyiqi altında idi. Ermənistan işğalı amili hər bir təşəbbüsün üzərinə kölgə salırdı – hətta biz bu barədə danışmasaq belə, həmin narahatçılıq həmişə hiss olunurdu. Hazırda isə 2025-ci ildir. Və biz tamamilə başqa reallıqda yaşayırıq. Prezidentin AMEA-da çıxışı zamanı dediyi kimi, “ çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir.
Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə – torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir”. Biz bu faktı dərk edərək yaşayırıq: dünyada Azərbaycan qədər parlaq, tam və mütləq qələbə qazanan ikinci bir ölkə yoxdur. Bu baxımdan, bir məsələni xatırlatmaq yerinə düşər. Belə ki, bəzi təşkilatlar və beyin mərkəzləri ölkəmizdə neft hasilatının azalmasından sonra iqtisadi tənəzzül proqnozlaşdırırdılar. Gördüyümüz kimi, onların hamısının yanıldığı sübut olundu və reallıq fərqli oldu.Əldə olunan nəticələr ölkəmizin strateji uğurunu göstərir. Ən vacib şey baş verdi: Azərbaycanın iqtisadi təhlükəsizliyi artıq neft hasilatı səviyyələri ilə müəyyən edilmir.
İqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı bütün bunlar və digər amillər dayanıqlı iqtisadi əsaslar yaratdı. Azərbaycanın son illərin siyasi və hərbi qələbəsində mühüm faktorlardan biri də iqtisadi gücümüz idi. Güclü maliyyə bazası olmadan ordu və hərbi-sənaye kompleksi üçün genişmiqyaslı modernləşdirmə proqramını həyata keçirmək mümkün olmazdı. Buna uyğun olaraq, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi bölgəsində aparılan bir günlük antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü bərpa etdi ki, bu da əsasən güclü iqtisadiyyatı sayəsində mümkün oldu.
Qlobal təcrübədə illərdir işğal və dağıntılara məruz qalan regionların bu qədər sürətli dirçəlişinin demək olar ki, heç bir nümunəsi yoxdur. Bu, hərbi qələbələrin və azad edilmiş ərazilərin dirçəldilməsi prosesinin Prezident İlham Əliyevin strategiyasına ciddi şəkildə riayət olunmasına əsaslanan uğurlu iqtisadi siyasətlə dəstəkləndiyini sübut edir. Prezident İlham Əliyev yeni bir prioriteti açıq şəkildə səsləndirdi: texnoloji inkişaf dövlət strategiyasının əsas diqqət mərkəzinə çevrilməlidir. Dövlətimizin başçısının sözlərinə görə, bu gün ölkələrin müstəqilliyini və təhlükəsizliyini müəyyən edən texnoloji potensialdır. Bu, elmi tədqiqatların gücləndirilməsi, gələcək iqtisadiyyat üçün kadrların hazırlanması, milli innovasiyaların dəstəklənməsi və idarəetmə və sənayedə rəqəmsal həllərin tətbiqi deməkdir. Bununla da Azərbaycan öz tarixində yeni bir mərhələyə – inkişaf, təhlükəsizlik və texnoloji tərəqqi mərhələsinə inamla qədəm qoyur.
Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası,məsləhətçi



