
Ermənilər son iki yüz ilə yaxındır ki, özlərinin bədnam şöhrət qazanmış, özgə xalqlara və millətlərə, xüsusilə də müsəlmanlara və türklərə qarşı terrorçuluq siyasətini davam etdirirlər. Bu üsulla onlar dünya ictimai rəyini çaşdırmağa, onların diqqətini uydurma «erməni probleminə>> cəlb etməyə çalışır, məskunlaşdıqları ərazilərdə yerli xalqlardan yeni-yeni torpaq sahələri qoparmağa səy göstərmişlər. Maraqlı haldır ki, dünya bu günümüzə qədər ermənilər tərəfindən törədilmiş minlərlə terror hadisəsinin şahidi olmuşdur. Lakin heç vaxt bu qanlı qətllər erməni başbilənləri, keşişləri, siyasi xadimləri tərəfindən qətiyyətlə pislənilməsi bir tərəfə qalsın, adi məzəmmət belə edilməmişdir. Nəticədə son iki yüz il ərzində minimum 2,5-3 milyon türk-müsəlman əhalisi erməni terrorunun və təcavüzünün qurbanı olmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
1993-cü ildə xalqın təkidilə hakimiyyətə gətirilən Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu.Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, Azərbaycanın başının daxili işlərə qarışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdir : “ …1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik….”.
Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzaladı.
Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi ki: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini, həmçinin zəminini yaradır. Eyni zamanda soyqırım Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərib hissəsi kimi bəyan olunmalıdır. Təsadüfi deyildir ki, XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırım kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir, dünyanın bir çox dövlətləri tərəfindən bu soyqırım aktı pislənmişdir.
Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün məşəqqətləri bundan sonra da dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.
YAP Xəzər rayon təşkilatının fəal gənci
Nigar Həbibova