
Müasir dövrdə baş verən geosiyasi dəyişikliklər, iqtisadi əməkdaşlığın genişlənməsi və yeni nəqliyyat-kommunikasiya marşrutlarının formalaşması dövlətlər arasında strateji tərəfdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olmaqla, ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ortaq tarixi köklər, milli-mənəvi dəyərlər və mədəni yaxınlıq üzərində qurulan Azərbaycan-Mərkəzi Asiya münasibətləri bu gün siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir. Mərkəzi Asiya regionu Azərbaycanın geosiyasi və geoiqtisadi maraqları baxımından mühüm əhəmiyyətə malikdir. Xəzər dənizinin hər iki sahilində yerləşən Azərbaycan və Mərkəzi Asiya dövlətləri Avropa ilə Asiya arasında strateji əlaqələndirici mövqeyə sahibdirlər. Xüsusilə, Orta Dəhlizin inkişafı, Transxəzər nəqliyyat marşrutunun imkanlarının genişləndirilməsi və yükdaşımaların həcminin artırılması Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Bu əməkdaşlıq Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına alternativ çıxış imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın nəqliyyat-logistika potensialının reallaşdırılmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin yüksələn xətt üzrə inkişafında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət mühüm rol oynayır. Dövlət başçısının region ölkələrinə səfərləri, yüksəksəviyyəli görüşləri və beynəlxalq platformalarda apardığı siyasi dialoq qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə şərait yaratmışdır.
Cənab Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı da regionlararası əməkdaşlığın əhəmiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha ön plana çıxarmışdır. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi münasibətlərin yüksək səviyyəyə çatdığını, iqtisadi əlaqələrin genişləndiyini və qarşılıqlı investisiya imkanlarının artdığını vurğulamışdır. Çıxışda ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə investisiya layihələrinin həyata keçirilməsi, sənaye kooperasiyasının gücləndirilməsi və xarici bazarlara birgə çıxış imkanlarının genişləndirilməsi vacib istiqamətlər kimi diqqətə çatdırılmışdır. Bu yanaşma əməkdaşlığın yalnız mövcud əlaqələrin qorunmasına deyil, həm də uzunmüddətli iqtisadi tərəfdaşlığın formalaşdırılmasına yönəldiyini göstərir. Məşvərət görüşündə nəqliyyat və logistika əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri olmuşdur. Xəzər dənizinin hər iki sahilində infrastruktur imkanlarının genişləndirilməsi, limanların, dəmir yollarının və digər nəqliyyat sistemlərinin səmərəliliyinin artırılması Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, rəqəmsal bağlantıların inkişafı və Xəzər dənizi vasitəsilə fiber-optik infrastrukturun genişləndirilməsi regionlar arasında iqtisadi və texnoloji inteqrasiyaya yeni imkanlar yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu Mərkəzi Asiya ilə Avropa arasında etibarlı əlaqələrin qurulmasında ölkəmizin rolunu daha da artırır.
Bu ölkələrlə ilə əlaqələrin inkişafı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Ortaq tarixi və mədəni irs dövlətlər arasında həmrəyliyi möhkəmləndirir, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır. Təhsil, elm, turizm və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanı artırmaqla yanaşı, tərəfdaşlığın uzunmüddətli və davamlı xarakter almasına xidmət edir.
Şəbnəm Eldarova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



