Analitika

Azərbaycanın özünün enerji sahəsi nəhəng transformasiya prosesinin tərkib hissəsidir

Bakı Enerji Forumunun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün mühüm olan enerji məsələləri daxildir. Forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell, Çexiyanın ticarət və sənaye naziri Yozef Sikela və başqaları forumda çıxış edib, müzakirələrə qatılıblar. Heç kimə sirr deyil ki, XXI əsrin ikinci onilliyində-dünya nizamının, qlobal siyasi məkanın yenidən qurulduğu, siyasi, iqtisadi, hərbi böhranların və münaqişələrin  getdikcə dərinləşdiyi, bütün bəşəriyyəti təhdid edən, böyük iqtisadi, sosial və ekoloji problemlər yaradan iqlim dəyişikliklərinin gücləndiyi bir dövrdə yaşayırıq. Belə bir mürəkkəb zamanda Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, milli maraqlara söykənən, praqmatik, rasional daxili və xarici siyasət sayəsində  Azərbaycanın  bu burulğanların və təlatümlərin qoynunda çırpınan dünyada nüfuzu gündən-günə artır, beynəlxalq münasibətlər sistemində mövqeyi güclənir. Yürütdüyü fəal diplomatiya kursu sayəsində respublikamızın dünyanın ayrı-ayrı ölkələri, güc mərkəzləri və nüfuzlu beynəlxalq təşkilatları ilə ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə inkişaf edir. Həyata keçirilən uğurlu xarici siyasət sayəsində ölkəmiz bütün dövlətlərlə ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən mərasimdəki çıxışında bildirib ki, “Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir”.  Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq və bu, olduqca real rəqəmdir. Azərbaycanın qaz təchizatının dinamikasına nəzər salsaq görərik ki, ötən il bu rəqəm 8 milyard kubmetr idi və bu il 12 milyard kubmetr qaz nəql ediləcəkdir. Bu, ölkənin ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün bu rəqəm 20 milyarda çatdırılacaqdır. Bunun üçün mənbələr artıq var, onlardan biri nəhəng “Şahdəniz” yatağıdır, digər yataq isə “Abşeron”dur. Prezident İlham Əliyev çıxışı zamanı bir daha vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu uğurla davam edir: “Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur”. Göründüyü kimi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və dövlət başçısının söylədiyi kimi, “Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş adlandırır”. Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button