AnalitikaGündəm

Azərbaycanın mövqeyi ədalətin bərpa edilməsini təmin etmək istiqamətindədir

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına  Aktau şəhəri yaxınlığında baş verən qəza haqqında geniş müsahibə vermişdir. Müsahibədə bir çox qaranlıq məqamların işıqlandırılması, hadisənin obyektiv araşıdırılması üçün dövlət başçısı öz mövqeyinə açıq şəkildə bildirmişdir. Hadisə baş verən gündən, AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması istiqamətində təxirəsalınmaz işlər görülməkdədir. Dövlət başçısı Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılmışdı.  Verilən göstərişlə dərhal prezident  təyyarəsi geri – Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirildi. Hələ Bakıya qayıdarkən prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradılmışdır. Müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Onlar dərhal işə başlayaraq təyyarənin qalıqlarının vəziyyəti ilə tanış oldular. Haidsə yerində müşahidə aparılaraq video və fotomateriallar əldə edilməli, onlar ictimaiyyətə təqdim edilməli idi. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılmışdır.

Baş verən hadisə böyük fəlakətə səbəb olduğu üçün dəqiq araşdırmalar aparılmalı, obyektiv qiymətləndirilməli, ədalət bərpa edilməlidir. Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslı faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Dərhal, heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki,  ilkin olaraq kiminsə tərəfindən atılmış quş versiyası tamamilə cəfəngiyyatdır. Ola bilər ki, təyyarə zədə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi.  Ancaq bunu da dəqiq söyləmək hələ ki tezdir. Üstəlik heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədən bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyirdi. Ancaq bu  heç kimə başucalığı gətirmir.  Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər, vacib addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

Qəzanın təfərrüatlarının tam araşdırılması dövlətimizin üçün vacib məsələdir. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli, adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır. Açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır. Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır.  Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq. Bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyik ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.

Azərbaycan maksimum ədalətli olmağa çalışır. Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi. Ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək, dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkan, yaşayış yerləri hava limanından uzaqdır. Təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq, bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi olaraq maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik.

Dövlət başçısı vida mərasimində iştirak edərək həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdi. Cənab prezident öz çıxışında onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdiyini ifadə etdi. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotların peşəkarlığı, qəhrəmanlığı sayəsində idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirək daha böyük faicənin qarşısını ala bildilər. Baxmayaraq,  təcrübəli pilotlar bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum dərəcədə böyük qəhrəmanlıq göstərmişlər. Məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Ən vacib  nəticələrdən biri füzelyajın bir hissəsi yanmayıb, elə bu səbəbdən də deyə bilirik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz.  Pilotlar və ekipaj üzvləri –  həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə  qadın ekipaj üzvlərinin əzmkarlığı qiymətləndirməliyik. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin. Biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır, imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.

Azərbaycanın Rusiyadan tələbləri ədalətin təmin edilməsi üçün vacibdir. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir. Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq  təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada olan tələblər beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq, məlumatlandırılır.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button