Azərbaycanın milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur
Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın inkişafına, onun qüdrətlənməsinə öz töhfəsini verərək onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır.
Onun səmərəli fəaliyyəti sübut edir ki, təşəbbüskarlıq, ardıcıllıq, qətiyyət, yorulmazlıq, prinsipiallıq ordu quruculuğuna rəhbərlik edən dövlət rəhbərinin ayrılmaz xüsusiyyətləri olmalıdır. Bu keyfiyyətlərin səmərəli uzlaşdırılmasının özü də mühüm əhəmiyyətə malikdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə Ordu Quruculuğumuzun əsası qoyulsa da Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu dayanmışdır. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması geniş vüsət almışdır. Ümummili liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır.
Sonralar Ulu Öndər deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.
Ulu Öndərimizin yaratdığı Ordu Quruculuğunu onun layiqli davamçısı olan prezident İlham Əliyev nəinki uğurla davam etdirdi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.
2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi! Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.
Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır.
Həmdullayeva Vüsalə,
Xəzər rayonu, Ə.Əliyev adına 125 nömrəli tam orta müəllimi