
Dünyanın bir çox ərzilərinə yayılmış türk xalqlarını dil ümumiliyi, el sənətləri, tarixi–coğrafi məkan, şifahi xalq ədəbiyyatı, adət-ənənələr, oxşar toponimlər kimi xüsusiyyətlər birləşdirir.
Türkdilli ölkələrin dövlət başçıları arasındakı çoxtərəfli əməkdaşlığın mövcud olduğu ilk təşkilat olan Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan müqavilə ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuşdur. Sazişə görə, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişafı, türk dünyasının ümumi dəyərlərinin beynəlxalq səviyyədə yayılması və tanınması, türkdilli dövlətlər arasında mədəni əlaqələrin dərinləşdirilməsi məqsədilə tərəflər TÜRKSOY çərçivəsində əməkdaşlıq edirlər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan TÜRKSOY-un fəaliyyətində yaxından iştirak edir. Həmçinin Türk Dövlətləri Təşkilatının fəaliyyət sahələri arasında elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və turizm sahələrində əməkdaşlıq da yer alıb.
Bu gün türk dövlətlərinin dünyanın ən mühüm enerji imkanlarına və ticarət yollarına malik olması ümumi türk məkanının təsir gücünü müəyyənləşdirir və dünyanın aparıcı dövlətləri sırasına çıxarır. Hazırda TDT-nin fəaliyyəti yalnız iqtisadi və mədəni əməkdaşlıqla məhdudlaşmır, bu təşkilat Avrasiya məkanında güc mərkəzlərindən birinə çevrilir. Nəticədə, türk birliyi artıq sadəcə əməkdaşlıq deyil, beynəlxalq səviyyədə təsir gücü kimi çıxış edir. Həmin mövqenin əsasında uzun illər ərzində qurulmuş siyasi, hərbi və iqtisadi əlaqələrin möhkəm təməlləri dayanır.
Azərbaycan mədəniyyəti, tarixi və coğrafiyası türk dünyasının vacib bir hissəsidir. Azərbaycan türk mədəniyyətinin və tarixinin yaşadılması üçün yalnız xaricdə deyil, ölkə daxilində də siyasətini bu istiqamətdə qurmuşdur. Türk Dövlətləri Təşkilatı çərçivəsində türk mədəniyyətinin öyrənilməsi, tanıdılması və qorunub saxlanılması istiqamətində Azərbaycan fəal rol oynayır.
Təşkilatın yaradılması məqsədlərindən biri də, əmtəələrin, sərmayenin, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, gömrük və nəqliyyat məsələlərinin gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Hazırda tərəflər bu istiqamətdə bir çox fəaliyyətlər həyata keçirirlər.
Bu günlərdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı Türk dünyasının gələcək inkişaf istiqamətlərinin, ortaq hədəflərinin və birgə fəaliyyətinin müəyyənləşdirildiyi mühüm tarixi mərhələyə çevrilir. Artıq təşkilatın gündəliyində mədəni əməkdaşlıqla yanaşı enerji təhlükəsizliyi, kibermüdafiə, kosmik tədqiqatlar və beynəlxalq ticarət yollarında əlverişli mövqelər kimi məsələlər də yer alır.
Ümumiyyətlə, dünyada münaqişələrin, geosiyasi qarşıdurmaların və yeni təhlükələrin artdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının əsas məqsədlərindən biri sülhü qorumaq və sabitliyi təmin etməkdir. Gələcəkdə birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı və məlumat mübadiləsinin yaradılması Türk dünyasının tarixi irsini daha da güclü edəcəkdir!
Yaqublu Şəfiqə
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi