Azərbaycanın hər bir vətəndaşı daim Vətənin, müstəqilliyimizin keşiyində durmalıdır
44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı, işğalçı böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. İldırım sürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın, cəmi bir gün sonra isə 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər ordumuz düşməni tamamilə məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. İşğalçı qüvvələr 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdilər. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illik münaqişə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə qalib, qüdrətli ölkəyə çevrildi. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” – deyən Cənab Prezidentimiz “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” tezisini alt-üst etdi, dondurulmuş münaqişənin birdəfəlik və ədalətli həllinə nail oldu. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri Azərbaycanın bu torpaqların əsl sahibi olduğunu bütün dünyaya təkrar-təkrar nümayiş etdirir: “Şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonları, eləcə də Şuşa şəhəri əslində xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilmişdir. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında ucaldılan abidə də məhz buna görə rəmzi məna daşımaqla böyük mənəvi əhəmiyyət kəsb edir. Tarixi missiyanı həyata keçirən Azərbaycanın qəhrəman övladları tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Şanlı Ordumuz bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.” “Möhtərəm Cənab Prezidentimizin dediyi kimi, Azərbaycanın hər bir vətəndaşı daim Vətənin, müstəqilliyimizin keşiyində durmalıdır və heç bir şübhə yoxdur ki, bu belə də olacaq. Bundan sonra Azərbaycan xalqı artıq heç zaman imkan verməz ki, bir daha düşmən başını qaldırsın və bizim üçün təhdid yaratsın. Bunun ən böyük qarantı isə qüdrətli Azərbaycan Ordusudur.”
İsmayıl Nağızadə,
YAP-ın gənc fəalı