“Görünüyü kimi dünya siyasətində yeni mərhələ başlanır. Qlobal qüvvələr nisbəti dəyişir, yeni regional alyanslar yaranır, mövcud olan beynəlxalq institutların effektivliyi isə ciddi suallar doğurur. Belə bir zamanda Azərbaycanın rolu və liderliyi həm regional, həm də qlobal miqyasda xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin qətiyyətli addımları və strateji çıxışları, xüsusilə də onun ədalət, suverenlik və müstəmləkəçilikdən uzaq gələcək ideyalarını təbliğ edən mövqeyi bu keçid dövründə Azərbaycanın unikal mövqeyini daha da möhkəmləndirir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin çıxışlarında əsas vurğulanan məqamlardan biri ədalətli dünya nizamının formalaşdırılmasıdır. Ədalət Azərbaycanın beynəlxalq siyasətinin əsasını təşkil edir. Bu nizam dövlətlərin suverenliyinə hörmətin artırılmasını, güclü dövlətlərin zəiflər üzərində hegemonluğunun qarşısının alınmasını və hər bir xalqın öz müqəddəratını sərbəst şəkildə müəyyən etmək hüququnun təmin edilməsini nəzərdə tutur. Azərbaycan, xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra beynəlxalq arenada güclü mövqeyə sahib olub. 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsi, Azərbaycanın hüquqi, hərbi və diplomatik sahələrdə uğurunun nümunəsi olaraq dünya dövlətlərinə ədalətin bərpa olunmasının mümkünlüyünü göstərdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarların icrası yalnız güclü siyasi iradə və milli həmrəyliklə təmin edilə bilər. Bu, Azərbaycanın dünya səviyyəsində ədalət prinsipini təbliğ edən lider ölkəyə çevrilməsinə xidmət edir.
“Azərbaycanın xarici siyasət strategiyası öz diplomatik irsini qoruyaraq müasir çağırışlara cavab verən bir siyasət modelini təmsil edir. Prezident İlham Əliyevin BRICS+ platforması, Qoşulmama Hərəkatı və digər beynəlxalq forumlardakı çıxışları ölkəmizin balanslaşdırılmış, suverenlik prinsipinə əsaslanan mövqeyini nümayiş etdirir. Dövlət başçımız, xüsusilə çıxışlarında vurğulayır ki, beynəlxalq münasibətlər sistemində ikili standartlara yer olmamalıdır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməklə qlobal ədalətsizliyə qarşı barışmaz mövqeyini ortaya qoydu. Ölkəmizin təşəbbüsü ilə pandemiya dövründə təşkil edilən xüsusi sessiyalar, ədalətli vaksin paylaşımı və inkişaf etmiş dövlətlərin az inkişaf etmiş ölkələrə dəstək göstərməsi kimi təşəbbüslər Azərbaycanın qlobal məsələlərdə təşəbbüskar rol oynadığını bir daha sübut etdi”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışlarında müstəmləkəçilik ideologiyasına qarşı çıxışı xüsusi əhəmiyyət kəsb edir. O, bu qlobal problemin yalnız keçmişlə bağlı olmadığını, müasir dövrdə də bəzi güclərin təsir mexanizmi kimi istifadə edildiyini vurğulayıb. Azərbaycanın dövlət başçısı açıq şəkildə bəyan edir ki, “böl və hökm sür” prinsipi tarixin iyrənc səhifələrində qalmalıdır. Müstəqil dövlətlərin daxili işlərinə müdaxilə, iqtisadi asılılıq mexanizmləri və güc vasitəsilə təzyiq göstərilməsi müasir dünya düzənində yolverilməzdir. Azərbaycanın iqtisadi və diplomatik uğurları, xüsusilə də enerji sektorunda reallaşdırılan layihələr, ölkəmizin müstəqilliyini daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri miqyaslı layihələr, Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsini təmin edir. Bu da müstəmləkəçi yanaşmalara qarşı Azərbaycanın müstəqil iqtisadi güc kimi çıxış etməsinə zəmin yaradır.
Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanın yeni dünya nizamındakı rolu yalnız coğrafi və iqtisadi üstünlükləri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz beynəlxalq arenada ədalət prinsipinin təbliğatçısı və müstəqillik simvolu kimi qəbul edilir. Azərbaycanın həm regional, həm də qlobal səviyyədə müstəqil siyasət yürütməsi suverenlik və ədalət prinsiplərinə əsaslanan yeni dünya nizamının qurulmasına dəyərli töhfə verir. Bu strateji xətt Azərbaycanın gələcəkdə də qlobal siyasi gündəmdə mühüm rol oynayacağına əminlik yaradır.