
Uzun illər ərzində beynəlxalq tribunadan Azərbaycan səsini dünyaya çatdırmaq, ölkəmizin üzləşdiyi ədalətsizlikləri, işğal və təcavüz faktlarını diqqətə təqdim etmək zərurəti yaranmışdı. Azərbaycan xalqı illərlə öz haqq səsini duyurmağa çalışsa da, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması qarşısında dünya birliyinin laqeydliyi nəticəsində işğal davam etdi. Lakin tarix göstərdi ki, ədalət hər zaman qalib gəlir və Azərbaycan xalqı gücünü səfərbər edərək uzun illərin ədalətsizliklərinə son qoydu.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən iyirmi faizi otuz ilə yaxın müddətdə işğal altında saxlanıldı. Bu işğal təkcə torpaqlarımızın zəbt olunması ilə məhdudlaşmadı, həm də etnik təmizləmə və hərbi cinayətlər ilə müşayiət olundu. Bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından qovuldu, qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onların fundamental insan hüquqları – yaşamaq, mülkiyyət, azadlıq və təhlükəsizlik hüquqları kobud şəkildə pozuldu.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası hələ 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Bu sənədlər beynəlxalq hüququn mühüm alətləri olsa da, Ermənistan onları heç vaxt icra etmədi. Təəssüf doğuran məqam odur ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu açıq-aşkar hüquq pozuntularına qarşı sanksiyalar tətbiq etmədi. Əksinə, işğalçı tərəf cəzasızlıq mühitindən istifadə edərək Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyətini davam etdirdi.
Lakin Azərbaycan bu ədalətsizliklə barışmadı. Uzun illər siyasi və diplomatik müstəvidə aparılan mübarizə 2020-ci ildə Vətən müharibəsi ilə öz məntiqi sonluğuna çatdı. Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüz təmin olundu. İşğala son qoyulduqdan sonra isə ölkəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün siyasi iradə nümayiş etdirdi.
Bu gün artıq Azərbaycan yeni bir dövrə qədəm qoyub – qələbədən sonra quruculuq, yenidənqurma və sülhün bərqərar olunması dövrünə. Uzun illər ədalətsizliyin qurbanı olmuş xalqımız indi ədalətin qalibiyyətini yaşayır və gələcəyə inamla addımlayır. Azərbaycanın haqq səsi bu dəfə yalnız işğala qarşı deyil, həm də bölgədə dayanıqlı sülhün, əməkdaşlığın və inkişafın bərqərar olması uğrunda səslənir.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Aida Əliyeva