AnalitikaGündəmSiyasət

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin simvolu: Cəbrayıl

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin növbəti hücumu nəticəsində Azərbaycanın qədim və strateji əhəmiyyətə malik rayonlarından biri olan Cəbrayıl işğal olundu. Bu hadisə Azərbaycanın müstəqillik tarixinə ən ağrılı səhifələrdən biri kimi daxil oldu. Cəbrayıl rayonunun işğalı yalnız hərbi məğlubiyyət deyil, həm də minlərlə ailənin doğma yurd-yuvasından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması, zəngin mədəni irsimizin məhv edilməsi demək idi.

Cəbrayıl rayonu 1050 kvadrat kilometr ərazini əhatə edirdi və işğal nəticəsində 90-dan çox yaşayış məntəqəsi düşmən nəzarətinə keçdi. Əhalinin böyük hissəsi məcburi köçkünə çevrildi və illərlə doğma torpaqlarından uzaqda, ağır şəraitdə yaşamağa məcbur oldular. İşğal zamanı rayonda fəaliyyət göstərən məktəblər, xəstəxanalar, mədəniyyət evləri, tarixi abidələr yerlə-yeksan edildi. Min illik tarixə malik məscidlər, qəbiristanlıqlar təhqir olundu, kənd təsərrüfatı torpaqları və təbii sərvətlər talan edildi. Bu, Ermənistanın təkcə hərbi deyil, həm də mədəni vandalizm siyasətinin açıq göstəricisi idi.

Cəbrayılın işğalı Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi idi. Ermənistan rəhbərliyi beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymadı. Halbuki həmin qətnamələr işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Təəssüf ki, beynəlxalq birlik uzun illər bu prosesə laqeyd yanaşdı və nəticədə Cəbrayıl və digər rayonlarımız işğal altında qaldı.

Bununla belə, Azərbaycan xalqı işğalla heç vaxt barışmadı. 27 ildən artıq müddətdə məcburi köçkünlər doğma torpaqlarına qayıtmaq ümidini itirmədilər. Azərbaycan dövləti isə daim Cəbrayılın və digər işğal olunmuş ərazilərin azad olunması üçün siyasi, diplomatik və hərbi sahədə hazırlıqlarını davam etdirdi.

Nəhayət, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi bu həsrətə son qoydu. Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl şəhərini və rayonun əksər kəndlərini işğaldan azad etdi. 4 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan xalqına Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin azad olunması xəbərini verdi. Bu, xalqımızın uzun illər gözlədiyi tarixi qələbə anı idi.

Bu gün Cəbrayıl azadlıqdan sonra yenidən dirçəliş yaşayır. Rayonun kəndlərində, şəhərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, enerji xətləri, su mənbələri, sosial obyektlər tikilir. Məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıtması üçün şərait yaradılır. İşğal illərində viran qalan torpaqlarda həyat yenidən canlanır, kənd təsərrüfatı sahələri bərpa olunur.

Cəbrayılın işğalı və azadlığı Azərbaycan xalqının yaddaşında həm faciə, həm də qürur səhifəsi kimi qalacaq. Bu torpaqların azad olunması həm Azərbaycanın gücünü, həm də xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi. Cəbrayıl indi təkcə azad torpaq deyil, həm də milli iradənin, ədalətin və tarixi qələbənin rəmzidir.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Aida Əliyeva

Oxşar Xəbərlər

Back to top button