Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir
30 Avqust 1991-ci il tarixdə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edilib/ Bu sənədin adı da, mahiyyəti də göstərir ki, müstəqilliyin bərpası tarixi məhz 30 Avqust olmalıdır. 30 avqust 1991-ci il tarixli qərarda müstəqilliyin bərpa olunduğu və beynəlxalq aləm tərəfindən tanınmaq hədəfi açıqca elan edilir. Faktlar bununla yekunlaşmır. Azərbaycan parlamentinin elə həmin gün qəbul etdiyi başqa bir qərarda isə Azərbaycanın artıq müstəqilliyini elan etmiş bəzi dövlətləri tanıdığı bildirilib və onlara da Azərbaycanın müstəqilliyini tanımaqla bağlı çağrış edilib. Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. Dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Həmin tarixi və möhtəşəm gündən artıq 32 illik bir müddət keçmişdir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən nailiyyətlər, uğurlar asanlıqla başa gəlməmişdir. Hər bir insan yaxşı bilir ki, firavan həyat, rahat yaşayış, rifah halının yüksəlməsi çətinliklərdən keçir. Müstəqillik və azadlıq kimi firavan həyat yaşamaq da qurbanlar bahasına, çətinliklə əldə olunur. Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, məlum olduğu kimi XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi. Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutub, öz sözünü cəsarətlə demək qüdrətindədir. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil xarici siyasət xətti düşünülmüş prinsiplər əsasında hazırda da uğurla davam etdirilir.
Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən milli ordunun formalaşması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, nəhayət 1994-cü ilin mayında atəşkəs əldə edildi. Cəmiyyət dərin böhrandan çıxmaq, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başlamaq, davamlı inkişaf yoluna çıxmaq üçün müqəddəm şərtlər yarandı. Bu gün mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycanı qoruyub yaşatmaq isə hər bir Azərbaycan vətəndaşının borcudur. Göründüyü kimi, Heydər Əliyev ideyaları daim yaşayır və müstəqil Azərbaycan dövləti, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru inamla gedir.
Rzayeva Səba,
YAP-ın gənc fəalı