![](https://globalnews.az/wp-content/uploads/sites/11/2025/02/8ab325f3eb05633362f4cf86dc8feaff-720x470.jpeg)
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda strateji əhəmiyyətə malik olan etibarlı dövlətlərdən biridir. Ölkənin coğrafi mövqeyi, iqtisadi potensialı və siyasi sabitliyi onu regional əməkdaşlıqda mühüm oyunçuya çevirir. Azərbaycan enerji resurslarının ixracı, nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində uğurlu siyasət yürüdərək mövqeyini daha da möhkəmləndirir. Enerji sahəsində Azərbaycan dünya bazarına mühüm töhfələr verir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təhlükəsizliyini təmin etməyə kömək edir. Bundan əlavə, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərir, Çin və Avropa arasında ticarət yollarının inkişafına dəstək verir. Bu faktorlar ölkəni etibarlı tərəfdaş kimi ön plana çıxarır.
Azərbaycan regional sabitliyin qorunmasında da mühüm rol oynayır. Diplomatik əlaqələrini gücləndirərək həm qonşu ölkələrlə, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirir. Ölkənin aktiv xarici siyasəti, iqtisadi dayanıqlılığı və strateji layihələri onun Cənubi Qafqaz və Xəzər regionunda mövqeyini daha da gücləndirir.
Dünyada Azərbaycanın yerinə toxunan ölkə rəhbərimiz ölkəmizin müstəqilliyinin bərpasından bəri güclü və özünü təmin edən iqtisadiyyat qurduğunu bildirib. O, xarici borcun ÜDM-ə nisbətinin cəmi 6,9 faiz olduğunu qeyd edərək, Azərbaycanın regionda genişmiqyaslı layihələr həyata keçirdiyini və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğunu vurğulayıb. Dövlət başçısı milli maraqların, həyat tərzinin və müstəqil siyasətin müdafiə edildiyini və bu istiqamətdə çoxlu uğurların əldə olunduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davosda, Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN telekanalına verdiyi müsahibə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, milli maraqlarının qorunması və qlobal siyasi-iqtisadi mühitin bir parçası kimi çıxış etməsi baxımından çox vacibdir.
Bu müsahibənin əhəmiyyəti ilk növbədə, Azərbaycanın 2020-ci ildə Qarabağda qazandığı tarixi qələbə və bunun nəticəsində ərazi bütövlüyünün bərpa olunması kimi vacib bir prosesin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rola malikdir.
Xəyal Rzayev,
YAP Xəzər rayon təşkilatının fəalı