Analitika

Azərbaycanın aktiv iştirakçılığı ilə Avrasiyanın enerji xəritəsi yenidən cızılır

“Hazırda Avrasiyada ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi Azərbaycandır. Bu gün Azərbaycan nəinki nefti və qazı, hətta elektrik enerjisi ilə qlobal enerji təhlükəsizliyi məsələsində xüsusi çəkiyə malikdir”.

Bunu “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır: “Bu gün artıq Azərbaycan həm Avropanın enerji təminatı mənbəyidir, həm də enerji koridoru, qovşağıdır. Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən isə başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Azərbaycan Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq. Bununla da, Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm faktor olacaq, Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq”.

“Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil” – deyən Ramil Vəlibəyov əlavə edib ki, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır: “Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, quruda külək və günəş enerjisi potensialının 27, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir. Bu gün artıq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edilməkdədir. Həmçinin yaxın zamanlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq ki, bu da işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Eləcə də 12 min meqavatlıq enerjinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi də nəzərdə tutulur. Ümumilikdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər əsasında 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Beləliklə də, bütün bu çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button