Analitika

Azərbaycanda ordu quruculuğu ən yüksək səviyyədə təşkil edilir

Azərbaycanda ordu quruculuğunun istənilən dövrü ərzində Azərbaycan xalqı mürəkkəb, ziddiyyətli, eyni zamanda şərəfli bir yol keçib. Müxtəlif dövrlər ərzində Azərbaycan xalqı müxtəlif siyasi sistem və şəraitlərdə yaşamalı olmuş və çətin sınaqlarla qarşılaşıb. Ötən müddət ərzində Azərbaycanın milli hərbi kadrlarının yetişməsi, onun milli ordu quruculuğu tarixi də bu siyasi sistemlərin təsiri altında formalaşıb. Ona görə də Azərbaycan Ordusunun 105 illik tarixi enişli-yoxuşlu bir tarixdir və onun obyektiv şəkildə öyrənilməsi kifayət qədər aktual bir məsələdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müxtəlif çıxışlarında hərb tariximizin son birəsrlik dövrünün bütün mərhələləri haqqında maraqlı fikirlər söyləyib, bu dövrlərə hərbi-siyasi qiymət verib və onların obyektiv təhlilini aparıb. Azərbaycan Ordusunun əsaslarının qoyulması Azərbaycanın hərb tarixində yeni bir mərhələni təşkil edir ki, bu da Azərbaycanın son birəsrlik tarixinin ən dəyərli səhifələrindən biridir. Artıq heç kəsə sirr deyil ki, cəmi bir əsr ərzində bu səhifə son dərəcə zənginləşərək xalqımızın qürur və iftixar mənbəyinə çevrilib.

Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu. Doğrudur,  2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.

Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button