Analitika

Azərbaycanda media azadlığı təmin edilir

Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır. Azad media azad sözün, insan hüquqları və azadlıqlarının qoruyucusu rolunda çıxış edir. Söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir. Bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir, azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır. Bu şərait özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda biruzə verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması, onların fəaliyyəti, söz, fikir azadlığının təmin olunması üçün bir zəmanətçi rolunu oynayır. Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. KİV-lərin azad, müstəqil fəaliyyəti üçün ölkədə yaradılan münbit şərait birmənalı olaraq yüksək qiymətləndirilir. Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir. Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir.

Azərbaycanın mətbuat tarixində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövr yeni mərhələnin başlanğıcı hesab olunur. Çünki məhz bu dövrdə ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirildi, mətbuatın inkişafına əlverişli mühit yaradıldı.

Ümummilli liderimizin “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş İdarə ləğv olundu. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan sonra isə ölkə mətbuatı özünün çiçəklənmə dövrünə qədəm qoydu. Qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, həmçinin jurnalistlərin dövlətin ali mükafatları, o cümlədən orden və medallarla təltif olunmaları azad medianın formalaşması istiqamətində görülən işlərin təcəssümüdür.

1998-ci ilin 6 avqust tarixində Heydər Əliyevin imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verdi. Bir məqamı da vurğulamaq lazımdır ki, 2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması media sahəsində pərakəndəliyin aradan qaldırılmasına öz töhfəsini verdi.

Ulu öndərin ölkə mətbuatına göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycanda jurnalistlərin mənzillərlə təmin olunması, fəxri adlarla təltif edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, son olaraq isə “Media haqqında” yeni qanunun tətbiq edilməsi dövlətin azad sözün və mətbuatın inkişafına diqqətinin bariz nümunəsidir.

Ötən illər ərzində ölkəmizdə bir sıra sosial-iqtisadi islahatlar keçirildi, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda qüdrətli ölkəyə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ölkəmizin nüfuzunun yüksəlməsini təmin edib, beynəlxalq aləmdə ölkəmizin qlobal əhəmiyyətli aktora çevrilməsində müstəsna rol oynayıb. Respublikamız Cənubi Qafqazda yeganə ölkələrdəndir ki, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və əsaslı addımlar atır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransı zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?

Fikir, söz, eləcə də məlumat azadlığı dövlətə inamı formalaşdırır, bununla da vahid mövqedən çıxış edilməsinə əsaslı zəmin yaradır: Əlbəttə ki, son dövrlər ölkə mediasının milli maraqlar kontekstində vahid mövqe sərgiləməsi də, dövlətin mənafeyi naminə birlik nümayiş etdirməsi də təsadüfi deyil. Əvvəla, qeyd olunduğu kimi, ölkəmizdə təmin olunan fikir, söz, eləcə də məlumat azadlığı buna əsaslı zəmin yaradıb. Digər tərəfdən, dövlətimizin milli maraqları üstün tutması medianın da milli maraqlardan, vahid mövqedən çıxış etməsinə səbəb oldu. Biz mediamızın belə bir vahid mövqedən, milli maraqlardan çıxış etməsini 44 günlük müharibə zamanı da, qələbə çaldıqdan, Zəfər əldə edikdən sonra, post-münaqişə dövründə də müşahidə etdik və ən sevindirici də elə məhz budur. Çünki bu, arzuolunan mühit və imkanların ölkəmizdə, cəmiyyətimizdə olmasından xəbər verir. Ondan xəbər verir ki, səmərəli idarəetmənin və informasiya açıqlığının mühüm vasitəsi hesab edilən dördüncü hakimiyyət, media üçün ölkəmizdə münbit şərait mövcuddur və Azərbaycanda söz, fikir, məlumat azadlığı tam şəkildə təmin olunur.

Rzayeva Xəyalə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button