AnalitikaGündəm

Azərbaycanda III MDB Oyunlarının keçirilməsi və Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ölkəmizə olan növbəti yüksək beynəlxalq etimaddır

“Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. Bu gün MDB beynəlxalq əməkdaşlığın önəmli formatı kimi qəbul edilməkdədir. Təsadüfi də deyil ki, hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanı və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Azərbaycanın da MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb: “Eyni zamanda, gələn il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Şübhəsiz ki, Azərbaycanda III MDB Oyunlarının keçirilməsi və Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ölkəmizə olan növbəti yüksək beynəlxalq etimaddır”.

“Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir: “Bununla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Bu mənada Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir”.

Oxşar Xəbərlər

Back to top button