Analitika

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır

Son illər ölkəmizdə uğurla bir sıra içməli su və suvarma suyu layihələri də həyata keçirilib. Qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə bu istiqamətdə aparılan işlər  xüsusi önəm daşıyır və təsadüfi deyil ki, Prezident İlham Əliyev həmin sahənin inkişafını prioritetlərdən biri kimi diqqət mərkəzində saxlayır. Sovet dövründən qalan köhnə infrastrukturun əsaslı təmir edilməsi, bir sıra böyük su anbarlarının tikilməsi buna aydın misaldır. Məsələn, Taxtakörpü su anbarı  suvarma işləri ilə bərabər  Bakının içməli su ilə təmin edilməsində də mühüm rol oynayır. Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi isə Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratdı. Daha sonra  Şəmkirçay su anbarı inşa edildi. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verildi. Bütün  bunlar özünü kənd təsərrüfatında məhsuldarlığın artmasında, ölkənin ərzaq təhlükəsizliyində göstərir. Dövlətimizin başçısı hələ bir neçə il əvvəl demişdir: “Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik”. Sözügedən istiqamətdə tədbirlər davamlı xarakter daşıyır. O cümlədən suvarma kanallarının təmiri və yenidən qurulması vacib bir məsələ kimi  daim diqqət mərkəzindədir. Elə bu günlərdə  Prezident İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalının 65-dən çox yaşı var.  Elə buradaca qeyd edək ki, yenidən qurulacaq kanal artıq Qarabağ kanalı adlandırılacaq. Bu kanal Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. O eləcə də Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.  Başqa sözlə,  Qarabağ kanalı  ölkəmizdə su təminatının mühüm həlqələrindən  biridir. Yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Qarabağ suvarma kanalının yenidən qurulması  bir tələbat kimi gündəmə gəlmişdir. Prezidentin sözügedən sərəncamı da məhz bu tələbatın ödənilməsinə yönəldilib. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı bu il aprelin  8-də Şirvan suvarma kanalının yenidən qurulması haqqında da sərəncam imzalamış və dünən kanalın təməlini qoymuşdur. 1958-ci ildə inşa edilən bu infrastruktur artıq Yuxarı Şirvan kanalı deyil, Şirvan kanalı adlanacaq.  Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button