Analitika

Azərbaycanda hərbi quruculuq yüksələn xətlə inkişaf edir

Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də Ümummilli liderin, müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, milli ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Artıq bütün dünya bilir ki, Azərbaycanın Silahlı Qüvvələri 1990-cı ilin əvvəllərindəki siyasiləşmiş silahlı dəstələr deyil, vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan bir ordudan ibarətdir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə sözün əsl mənasında fəxr edir. Əldə olunan uğurlar bir daha sübut etdi ki, cəmiyyətdəki siyasi plüralizm daxili qüvvələrin parçalanmasına, siyasi iddiaların həyata keçirilməsinə deyil, vahid dövlət quruculuğuna xidmət edərsə, ordu quruculuğu sahəsində dövlətin apardığı siyasət əsaslandırılmış və ardıcıl olarsa, Silahlı Qüvvələrin təşkilində və gücləndirilməsində yüksək nailiyyətlər əldə etmək olar. Bütün bunlar ordu quruculuğu prosesində də öz müsbət nəticəsini verməyə başladı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə də ciddi irəliləyişlərin əldə olunmasını şərtləndirib.

Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Naxçıvanda, Gəncədə, Tərtərdə, bir sözlə, cəbhə xəttində yerləşən hərbi hissələrimizə daim baş çəkməsi, xidmətdə fərqlənən hərbi qulluqçuları şəxsən mükafatlandırması, yerlərdəki vəziyyətlə maraqlanması ordu mənsublarında böyük ruh yüksəkliyi yaratmışdır. Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ordu problemlərini hər an diqqət mərkəzində saxlayır, Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirir. Ali Baş Komandanın cəbhə xəttindəki hərbi hissələrə əsgəri qəhrəmanlıq, şücaət və mərdlik rəmzi olan döyüş bayraqlarını təqdim etməsi, bir tərəfdən orduya diqqət və qayğının bariz nümunəsidirsə, digər tərəfdən də ordu mənsublarına göstərdiyi inam və etimaddır. Hər il orduya aid xərclərin artırılması, hərbi qulluqçuların maddi rifah halının yaxşılaşdırılması yönündə dövlət rəhbərliyi tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər hərbi qulluqçuların üzərinə çox ciddi məsuliyyət qoyur. Son dövrlər dövlət başçısının Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar verdiyi bəyanatlar da əslində həm də orduya olan inamdan qaynaqlanır. Şübhə yoxdur ki, Azərbaycan hərbçiləri əsl qurucusu Ümummilli liderimiz Heydər Əliyev olan Silahlı Qüvvələrimizin sıralarında bundan sonra da yüksək döyüş hazırlığına yiyələnərək ləyaqətlə xidmət edəcək, həm ölkə rəhbərliyinin, həm də bütövlükdə xalqımızın inam və etimadını doğruldacaqlar.

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button