Analitika

Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması əsas tərkib hissəsidir

Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə bütün sahələrin inkişafında yeni keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmaqdadır. Xüsusən ulu öndərin əsasını qoyduğu iqtisadi islahatlar strategiyasının uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi yüksəliş mərhələsinə qədəm qoyması ilə nəticələnib. Bu islahatların dərin iqtisadi əsaslara söykənməsinin nəticəsidir ki, hətta bütün dünyanı bürüyən qlobal iqtisadi böhran belə ölkəmizə ciddi təsir göstərə bilmədi.

Prezident İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi də ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı, yoxsul insan olmamalıdır. Fərəhli haldır ki, cənab İlham Əliyevin həm birinci prezidentlik dövrü, həm də ikinci prezidentlik dövrünün arxada qoyduğumuz bir ili regionların tarazlı inkişafına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə əlamətdar olub. Prezident İlham Əliyevin verdiyi bütün vədləri yerinə yetirməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri addımlar atması ölkəmizin tərəqqisinə və möhkəmlənməsinə gətirib çıxarıb. Ölkəmizin maliyyə imkanlarının çoxalması adekvat olaraq xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması ilə müşayiət olunur.

Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Son bir neçə ildə sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Bununla da müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi, onların minik avtomobilləri ilə təminatı sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili, minlərlə ailəyə hər il pulsuz dərman preparatlarının verilməsi təmin olunub.

Ölkədə ünvanlı dövlət sosial yardımı sisteminin yaradılması da aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına təkan verib. Ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyən “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindikdən sonra onun ünvanlılıq, ədalətlilik, bərabərlik kimi prinsiplərinə əməl olunur. Bu yardımın verilməsi minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Minimum əməkhaqqlarının, pensiya və müavinətlərin davamlı olaraq artırılması ilə yanaşı, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində ölkədə adambaşına düşən orta aylıq gəlirlər davamlı olaraq artmaqdadır. Hazırda ünvanlı sosial yardım alan ailələrin sayı bu sosial müdafiə sisteminin tətbiqinə başlandığı 2006-cı illə müqayisədə 3,4 dəfə çoxalıb. Xatırladaq ki, Azərbaycanda ünvanlı sosial yardım 2006-cı ilin aprelindən tətbiq olunur. Həmin il 48 min ailə bu sosial müdafiə formasından bəhrələnirdi.

Ölkəmizin inkişaf strategiyasına əsasən, əhalinin sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən yoxsulluğun səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əməkhaqqının, pensiyaların baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin mütəmadi olaraq artırılması qarşıya qoyulan əsas vəzifələrdir. Əhalinin sosial durumunun durmadan yaxşılaşması isə həm ölkədə sabitliyə, həm də davamlı inkişafa təminatdır. Sosial problemlərin yoluna qoyulması üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi, bütün kateqoriyalardan olan vətəndaşların sosial rifahının yüksəlməsi respublikamızın ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button