Məlum olduğu kimi, iki aydan sonra Azərbaycanda COP29-Beynəlxalq tədbir keçiriləcəkdir. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Bu məqsədlə ölkəmizə 200-ə yaxın ölkədən qonaqlar, dövlət rəsmiləri gələcəkdir.
Bununla bağlı qərar COP28-in 2023-cü il dekabrın 11-də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Nazir qeyd edib: “Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini rol oynayıb.”
COP “Conference of the Parties”, yəni Tərəflərin konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğunu işarə edir. Azərbaycanı COP29-un ev sahibi ölkəsi kimi dəstəkləmək qərarına görə Şərqi Avropa Qrupu dövlətlərinə dərin minnətdarlığını ifadə edən M.Babayev zəngin mədəni irsi və dinamik enerjisi ilə ölkəmizin dünya ictimaiyyətinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm məsələ olacağını qeyd edib.
COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb. Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olmaqdır. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.
COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP29-un keçirilməsi üçün Bakı Olimpiya Stadionu seçilib. COP29 Əməliyyat Şirkətinin rəsmisi Nərmin Carçalova aprelin 15-də keçirdiyi mətbuat konfransında deyib: “iştirakçı sayına və miqyasına” görə COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” olacaqdır.
Zeynalova Türanə,
Xəzər rayonu, 262 №li tam orta məktəbin tarix müəllimi