Azərbaycançılıq ideologiyasının müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir
“Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir, dahi şəxsiyyətin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır”.
Bu sözləri “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı.
“Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, ulu öndər Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi yarandı.
Onun sözlərinə görə, bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.