Azərbaycan xalqının dünya bəşər həyatına bəxş etdiyi ən nadir simalardan biri Məhəmməd Füzulidir
Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Azərbaycan xalqının dünya bəşər həyatına bəxş etdiyi ən nadir bu simalardan biri Məhəmməd Füzulidir. Məhəmməd Füzuli Azərbaycan xalqının əbədiyaşar şairi, Azərbaycan şeirinin günəşidir. Onun yaradıcılığı tükənməz bir xəzinədir. Elə bir xəzinədir ki, bu xəzinədən bütün bəşər öz payını götürsə, yenə bu xəzinə tükənməz. Çünki bu, pak duyğular, nəcib hisslər, yüksək fikir və amallar xəzinəsidir. Beş yüz ilə yaxındır ki, Azərbaycan xalqının bədii zövqü, əxlaqi-mənəvi görüşləri Füzuli poeziyası ilə köklənir, Füzuli poeziyası ilə bəstələnir. Füzuli bütün varlığı ilə, kamil və mənalı yaradıcılığı ilə həqiqi milli şair olmuş, doğma xalqının həyata baxışları, zövqü, əxlaqı, təsəvvür və arzuları onun əsərlərində yüksək bədii bir dil və üslubla əks olunmuşdur.
Heydər Əliyevin də xüsusi önəm verdiyi məsələlərdən biri də milli mədəniyyətimizin təbliği olunması idi. Heç təsadüfi deyil ki, 1996-cı il noyabrın 8-də Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən tədbirdə söylədiyi fikirlər Ümummilli Liderin Azərbaycan mədəniyyətinə necə böyük dəyər verdiyi, mədəni irsimizin təbliği istiqamətində görülən işlər haqqında aydın təsəvvür yaradır.
Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən tədbirdəki nitqində söyləmişdir:
“Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur. Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri, onun irsi dünya mədəniyyətinə böyük töhfələr verib, dünya mədəniyyətini zənginləşdirib. Məhəmməd Füzuli 40 illik yaradıcılıq dövründə 500 il daim yaşayan böyük əsərlər yaradıb. O, Azərbaycan şerinin, Şərq şerinin ən yüksək zirvəsinə çatmışdır və onun yaratdığı şerlər, onun poeziyası, poemaları, qəzəlləri, qəsidələri, rübailəri 500 ildir insanlara böyük mənəvi ruh verir.”
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı