AnalitikaGündəmSiyasət

Azərbaycan xalqı üçün Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyil, eyni zamanda mədəni, tarixi və mənəvi zəfərdir

Azərbaycan tarixinin ən şərəfli və qürurverici səhifələrindən biri olan 8 Noyabr, 2020-ci ildə Qarabağda Azərbaycan Ordusunun şanlı qələbəsini təmsil edir. Bu tarix, Şuşa şəhərinin işğaldan azad olunması ilə Vətən Müharibəsinin taleyinin həll olunduğu gün kimi yaddaşlara həkk olundu. Prezident İlham Əliyevin fərmanı ilə bu tarixi gün “Zəfər Günü” elan edildi və hər il xüsusi mərasimlərlə qeyd olunur. Azərbaycan xalqı üçün Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyil, eyni zamanda mədəni, tarixi və mənəvi zəfərdir. Şuşa, Azərbaycan xalqının ürəyində və tarixində xüsusi bir yerə sahibdir və onun işğaldan azad olunması illərlə gözlənilən ədalətin bərpası idi.

Şuşa şəhəri 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınmış və tarix boyunca Azərbaycanın ən önəmli mədəni mərkəzlərindən biri olmuşdur. Azərbaycan mədəniyyətinin incisi, Qarabağın tacı kimi adlandırılan Şuşa, görkəmli bəstəkar Üzeyir Hacıbəyov, tanınmış şair Molla Pənah Vaqif, və böyük müğənni Bülbül kimi sənətkarların doğulduğu yerdir. Şəhər həm də qədim memarlıq abidələri, məscidləri və tarixi binaları ilə Azərbaycanın milli dəyərini təmsil edir. Bu səbəbdən Şuşa, yalnız coğrafi ərazi deyil, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır.

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda aparılan haqq mübarizəsi idi. Müharibə dövründə Azərbaycan Ordusu müxtəlif cəbhələrdə uğur qazanaraq, bir çox strateji əraziləri düşməndən təmizlədi. 8 noyabr 2020-ci il isə Şuşa şəhərinin işğaldan azad edildiyi gün olaraq Azərbaycan tarixində əbədi iz buraxdı.

Şuşanın azad edilməsi Azərbaycan Ordusunun döyüş məharətini, çevik taktiki qabiliyyətini və yüksək əzmini göstərdi. Dağlıq və çətin relyefdə aparılan döyüşlər zamanı Azərbaycan əsgərləri düşmənin güclü müdafiə xətlərini aşaraq, Şuşa şəhərini erməni işğalçılarından azad etdilər. Bu əməliyyat hərbi-tarixi baxımdan müasir müharibə texnikası və döyüş taktikalarının ən uğurlu nümunələrindən biri kimi qəbul olunur. Şuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələri tamamilə zəiflədildi və nəticədə Ermənistanın kapitulyasiya sənədinə imza atması ilə müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı.

Şuşanın işğaldan azad olunması Azərbaycan xalqı üçün böyük mənəvi və mədəni əhəmiyyətə malikdir. 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqı öz doğma torpaqlarına, xüsusilə də Şuşaya qayıtmaq arzusu ilə yaşayırdı. Şuşanın azad edilməsi, itirilmiş torpaqlarımıza, milli dəyərlərimizə və mədəniyyətimizə qayıdışımızın rəmzidir. Bu zəfər, həmçinin xalqımızın birliyini, ordumuzun gücünü və Vətənə olan sevginin nə qədər qüdrətli olduğunu sübut etdi.

Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı milli qürurunu yenidən qazandı. Bu gün, xüsusilə də gənc nəsil üçün Şuşa Qələbəsi torpaq sevgisinin, fədakarlığın və birliyin simvoludur. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı və ordumuzun əzmi, xalqımızın yaddaşında əbədi yaşayacaq. Şuşa qələbəsi, gələcək nəsillərə Vətənə olan sevginin və onun uğrunda mübarizənin əhəmiyyətini öyrətmək baxımından da xüsusi rol oynayır.

Azad Edilmiş Şuşada Bərpa və İnkişaf İşləri Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən yenidənqurma və bərpa işlərinə başlandı. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi və şəhərdə tarixi irsin bərpası məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Tarixi abidələr, məscidlər, qala divarları bərpa olunur, mədəniyyət ocaqları yenidən tikilir və şəhərin qədim görkəmi bərpa edilir.

Bu proses çərçivəsində Vaqif Poeziya Günləri, “Xarıbülbül” musiqi festivalı kimi tədbirlər yenidən bərpa olundu. Bu festivallar Şuşanın qədim mədəniyyət məkanı kimi yenidən canlanmasına və Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına xidmət edir. Bundan başqa, Şuşada yeni infrastruktur qurulur, turizm potensialının inkişaf etdirilməsi üçün layihələr həyata keçirilir. Bu işlər Azərbaycan xalqının Şuşa ilə mənəvi bağlarını daha da möhkəmləndirir və şəhəri yenidən həyat dolu bir məkana çevirir.

Şuşanın azad olunması Azərbaycanın beynəlxalq arenada mövqelərini gücləndirdi və ölkənin ərazi bütövlüyünün bərpasına dair dünya ictimaiyyətinə güclü bir mesaj verdi. Azərbaycan Ordusunun hərbi uğurları və Şuşa zəfəri dünya miqyasında geniş marağa səbəb oldu və Azərbaycan diplomatiyasının daha da inkişaf etməsinə töhfə verdi. Bu zəfər nəticəsində bölgədə yeni bir geopolitik vəziyyət yarandı və Azərbaycan regionda söz sahibinə çevrildi.

8 Noyabr – Şuşa şəhərinin azad olunması günü, Azərbaycan xalqının tarixində bir dönüş nöqtəsi kimi qiymətləndirilir. Şuşa Qələbəsi təkcə hərbi qələbə deyil, həm də mənəvi dirçəliş və milli qürur simvoludur. Bu gün hər il böyük coşqu ilə qeyd edilir, şəhidlərimizin xatirəsi yad edilir, qazilərimizə hörmət və ehtiram göstərilir. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının milli birliyi və gücü bir daha dünyaya nümayiş etdirildi.

Şuşanın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, həm də dünya tarixinin vacib hadisələrindən biri olaraq qalacaq. Azərbaycan xalqı üçün Zəfər Günü hər il torpaqlarımıza, tariximizə və mədəniyyətimizə olan dərin sevgimizi xatırlatmaq üçün xüsusi əhəmiyyətə malikdir. Bu qələbənin xatirəsi daim yaşayacaq, Şuşa isə əbədi olaraq Azərbaycan xalqının ürəyində və tarixində parlaq bir ulduz kimi yanacaq.

Zəfər Günümüz mübarək olsun! Şuşamız hər zaman azad və abad qalsın!

Quliyeva Mətanət,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini 

Oxşar Xəbərlər

Back to top button