“Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” – Ulu Öndər Heydər Əliyev.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu günkü tarixdə respublikanın bütün bölgələrində bayram tədbirləri keçirilir, insanlarda şən əhval ruhiyyəsi olur.
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Hətta xüsusi ilə qeyd etmək istəyirəm ki, sovek hakimiyyəti dövründə elimizin,obamızın ağsaqqalları ağbirçəkləri bayrağımızı sandıqlarda saxlayaraq gələcək nəsillərə ötürürdülər, bu da millətin milli kimliyini və milli şüurun hələ də mövcud olması ilə bağlı idi.
Bu bir tarixi həqiqətdir ki, XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Həmçinin milli kimliyini və hansı coğrafi ərazidə yerləşməyimizi, hansı dəyərlər əsasında mpvcudluğumuzi müəyyən edir. Hesab edirəm ki, hər bir millətin bayrağı onun müqəddəsliyini bildirir. Bizim üç rəngli bayrağımızı müqəddəs olmaqla yanaşı əsrlər boyu bu coğrafi ərazidə yaşamış əzəmətli xalqın var oluşunu, onun qüdrətini və əzmini ifadə edir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi Azərbaycan Respublikası ADR siyasi varisidir. Təbii olaraq məhz bu bayrağ öz əzəməti və qüdrəti ilə Xalq Cümhuriyyətinin siyasi kursunun davamıdır.
Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində dövlətçiliyimizin mühüm atributlarından olan milli bayrağımız qəbul olundu. Üçrəngli bayrağımız Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında dalğalandırılıb. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Məhz bu siyasi yanaşma və siyasi kurs Azərbaycan Respublikasını təlatümlü bir yükdən xilas etmiş oldu.
Cənab Prezident, Ali baş komandan İlham Əliyevin qeyd etdiyi kimi “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”., bəli bayraq milli kimliyimiz və milli mənəvi dəyərlərimizdir.
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru