Azərbaycan xalqı bu qanlı hadisəni heç vaxt unutmayacaq

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri dinc əhalinin yaşadığı Xocalı şəhərinə hücum edərək amansız qətliam törətmişdir. Bu faciə nəticəsində yüzlərlə insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qəddarcasına qətlə yetirilmiş, minlərlə insan əsir düşmüş və işgəncələrə məruz qalmışdır. Tarixin yaddaşına qanla yazılmış bu hadisə heç vaxt unudulmayacaq.
Xocalıda baş verənlər sıradan bir hərbi əməliyyat deyil, Azərbaycan xalqını məhv etməyə yönəlmiş məqsədyönlü soyqırımı idi. Şəhərin əhalisi aylarla mühasirədə saxlanılmış, sonra isə qəfil hücuma məruz qalmışdı. Qaçmağa çalışan insanlar yollar boyu güllələnmiş, evlər yandırılmış, ailələr amansız şəkildə məhv edilmişdi. Xarici jurnalistlər Xocalıda törədilən vəhşilikləri öz gözləri ilə görərək dünya ictimaiyyətinə çatdırmışdılar, lakin beynəlxalq birlik hələ də bu cinayətə adekvat hüquqi qiymət verməyib.
Xocalı soyqırımı təkcə bir gecənin faciəsi deyil, iki əsrdir erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin qanlı nəticəsidir. Bu hadisə, sadəcə, Azərbaycanın deyil, bütün sivil dünyanın ədalət və insan hüquqları prinsipləri uğrunda mübarizəsini sınağa çəkən bir hadisədir. Azərbaycan dövləti Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün diplomatik səylərini davam etdirir və beynəlxalq tribunalarda haqq səsini ucaltmaqda davam edir.
Bu gün Xocalı faciəsini xatırlamaq, təkcə keçmişi anmaq deyil, gələcək nəsillərə bu cür faciələrin bir daha yaşanmaması üçün tarixi dərs verməkdir. Azərbaycan xalqı bu qanlı hadisəni heç vaxt unutmayacaq və Xocalı şəhidlərinin xatirəsini daim uca tutacaq. Qanları yerdə qalmayan günahsız insanların haqq səsi ədalətin bərqərar olması üçün əbədi səslənəcəkdir.
Həsənalıyev Ağadadaş,
YAP Xəzər rayon təşkilatının gənc fəalı