
1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə Şərqdə və müsəlman aləmində ilk demokratik, parlamentli respublika quruldu. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün Şərq xalqları üçün nümunəvi bir addım oldu. Xalqın iradəsinə əsaslanan bu sistem, o dövr üçün inqilabi mahiyyət daşıyırdı.
Cümhuriyyətin baniləri universal bərabərlik prinsiplərinə əsaslanan bir dövlət formalaşdırmaq məqsədilə çalışdılar. Qadınlara seçki hüququnun verilməsi, çoxpartiyalı parlamentin yaradılması və hüquq sistemi üzərində islahatlar bu dövrün demokratik ruhunu göstərirdi. İdarəetmədə hüquq bərabərliyi və insan haqları ilk dəfə bu coğrafiyada institusional çərçivəyə salınmışdı.
Bu yeni dövlətin əsas ideyası xalqın iradəsinə söykənən, milli maraqlara xidmət edən və çağdaş dünyaya inteqrasiya oluna biləcək bir sistem yaratmaq idi. Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti bu müddət ərzində milli maarifin, mətbuatın və diplomatiyanın inkişafında əhəmiyyətli rol oynadı. Elə bu səbəbdən, onun qoyduğu təməllər bu gün də Azərbaycan Respublikasının dövlətçilik əsaslarını təşkil edir.
Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaranması təsadüfi deyildi. Bu, xalqın mütərəqqi düşüncəsinin, zəngin mədəniyyətinin və azadlıq arzusunun məhsulu idi. Azərbaycan Xalq Cümhuriyyəti bütün regiona müstəqillik və suverenlik uğrunda necə mübarizə aparılmalı olduğunu göstərdi.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı