
2025-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Baş katibi To Lamı ( 2024-cü ilin may ayından etibarən Vyetnamın 13-cü prezidenti vəzifəsini icra edir) Bakıda rəsmi səfərdə qəbul etdi. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regional və beynəlxalq əməkdaşlıq kontekstində mühüm əhəmiyyət daşıyır. To Lamın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin bugünkü vəziyyəti ilə yanaşı, eyni zamanda, dərin tarixi köklərini və gələcəyə yönəlmiş ortaq strateji baxışı əks etdirdi. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, səfərin nəticələri ölkələr arasında strateji tərəfdaşlığın əsasını qoydu və konkret layihələrin həyata keçirilməsinə yol açdı. Keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha göstərdi ki, bu münasibətlər təsadüfi deyil, onilliklərə söykənən əməkdaşlığın məntiqi davamıdır.
Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin təməli 1992-ci ilin sentyabrında qurulub. O vaxtdan bəri siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlər tədricən inkişaf edib. 2013-cü ildə Azərbaycan Respublikasının Hanoyda səfirliyinin açılması və ardınca 2014-cü ildə Vyetnamın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması əlaqələrin daha da dərinləşməsinə zəmin yaratdı.
Bu illər ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələr üzrə anlaşma memorandumları və hökumətlərarası komissiyaların fəaliyyəti ilə əməkdaşlıq genişlənib. Xüsusilə 2014-cü ildə Vyetnamın sabiq Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri zamanı iqtisadi əməkdaşlığın əsas istiqamətləri müəyyən olunmuşdu.
Azərbaycan ilə Vyetnam arasında imzalanan “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” 2025-ci ilin ən mühüm diplomatik hadisələrindən biri oldu. Bu əməkdaşlıq Azərbaycan-Vyetnam əlaqələrinin təkamülünün təzahürü olmaqla yanaşı, tarixi dostluqdan strateji tərəfdaşlığa doğru atılan silsilə addımlar çərçivəsi idi. Prezident Əliyev bu sənədi “çox ciddi siyasi sənəd” adlandıraraq qeyd etdi ki, bu razılaşma iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni pilləyə yüksəldir.
Sənədin imzalanması ilə Azərbaycan və Vyetnam yalnız dost ölkələr deyil, həm də regional və beynəlxalq səviyyədə ortaq maraqlara malik strateji tərəfdaşlara çevrilirlər. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, enerji, nəqliyyat, rəqəmsal inkişaf, mədəniyyət və müdafiə sahələrində qarşılıqlı fəaliyyətin konkret əsaslarını müəyyən edir. Ən əsası, bu əməkdaşlıq regional və qlobal sabitliyə töhfə verəcək şəkildə planlaşdırılıb.
Azərbaycan ilə Vyetnam arasında enerji sahəsində əməkdaşlıq hələ Sovet dövründən, xüsusən də Vyetnamın neft sənayesinin inkişafında azərbaycanlı mütəxəssislərin rolu ilə başlayıb. Azərbaycanın neft mühəndisləri və geoloqları 1980-ci illərdə Vyetnamın “Bach Ho” (Böyük Ayı) yatağının işlənməsində fəal iştirak etmişdilər.
Bu tarixi əməkdaşlıq müasir dövrdə yenidən canlandırılır. 2025-ci il səfəri zamanı SOCAR ilə PetroVietnam arasında imzalanmış yeni sənədlər enerji sahəsində qarşılıqlı sərmayə, ticarət və texniki təcrübə mübadiləsini əhatə edir.
Prezident Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsindəki potensialını vurğulayaraq qeyd etdi ki, növbəti 5 ildə 6500 meqavatlıq yaşıl enerji gücü işə salınacaq. Bu kontekstdə Vyetnam şirkətləri Azərbaycana sərmayəyə dəvət olunub. Maraqlıdır ki, Vyetnam özü də Asiyada bərpaolunan enerji sahəsində liderlərdən biridir və bu iki ölkə arasında təcrübə və texnologiya mübadiləsi üçün münbit zəmin yaradır.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycan və Vyetnam arasındakı dərin əlaqələrin bariz göstəricisidir. Hər iki ölkənin inkişaf edən müdafiə sənayesi sektoru birgə istehsal və texnologiya transferi üçün əməkdaşlıq potensialına malikdir. Bu istiqamətdə imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təhlükəsizlik sahəsində daha yaxın əməkdaşlıq imkanlarını gündəmə gətirir.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlarda bir-birinin suverenliyinə və milli maraqlarına dəstək verən ölkələrdir. Xüsusilə, 2012–2013-cü illərdə Vyetnamın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti zamanı Azərbaycanın maraqlarını müdafiə etməsi Prezident Əliyev tərəfindən yüksək qiymətləndirildi.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi (2019–2023) müddətində Vyetnamla sıx əməkdaşlıq ölkələr arasında beynəlxalq səviyyədə həmrəylik və ortaq mövqelərin formalaşmasını təmin etdi.
Ötən illərdə Azərbaycan ilə Vyetnam arasındakı ticarət dövriyyəsi əsasən neft satışına əsaslanıb. Prezident Əliyev bu asılılığın azaldılaraq ticarətin daha balanslı hala gətirilməsinin vacibliyini vurğulayıb. Bunun üçün informasiya mübadiləsi, qanunvericilik şəraiti və vergi rejimləri üzrə aydınlığın təmin olunması vacib sayılır.
Nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq – xüsusilə Şimal-Cənub və Şərq-Qərb marşrutları vasitəsilə – iki ölkə arasında logistik imkanları artırmaqla ticarət əlaqələrini sürətləndirə, Azərbaycan və Vyetnamı Asiya və Avropa arasında iqtisadi körpüyə çevirə bilər.
Mədəniyyət, arxiv və informasiya sahələrində imzalanmış sənədlər iki xalq arasında humanitar əməkdaşlığın inkişafına xidmət edəcək. Bu sənədlər incəsənət sərgiləri, folklor tədbirləri, kino və musiqi layihələri vasitəsilə xalqlar arasında mədəni mübadilənin inkişafı, mədəni irsin qorunması, ortaq mədəni layihələrin icrası, arxiv materiallarının qorunması, rəqəmsallaşdırılması və bərpası sahəsində əməkdaşlıq, tarixi sənədlərin qarşılıqlı təqdimatı və sərgilənməsi, tərəflər arasında informasiya mübadiləsi kimi vacib məsələləri özündə əks etdirir. Xüsusilə Azərbaycan və Vyetnam universitetləri arasında təhsil mübadiləsi proqramlarının artırılması nəzərdə tutulur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında yaradılan Birgə Biznes Şurası iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması üçün yeni imkanlar açır. Bu addım gələcəkdə qarşılıqlı investisiya və texnoloji layihələrin inkişafına təkan verəcək.
Nəticə olaraq, To Lamın Azərbaycana ilk rəsmi səfəri, yalnız iki ölkə arasında strateji tərəfdaşlıq aktı ilə məhdudlaşmır – bu, eyni zamanda tarixə və qarşılıqlı hörmətə söykənən əlaqələrin gələcək inkişafı üçün bir platformadır. Siyasi həmrəylik, iqtisadi inteqrasiya və beynəlxalq birlik bu münasibətləri gücləndirən əsas sütunlardır. Bu səfərin nəticələri, şübhəsiz ki, qarşılıqlı faydalı əməkdaşlığın yeni səhifəsini açır.
Xanım Əliyeva
Xəzər rayonu, 334 nömrəli tam orta məktəbin müəllimi