
Prezident İlham Əliyev: “Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir”.
Azərbaycanın apardığı uğurlu xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib.Beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir.
Dünyada müşahidə edilən proseslərə istinadən deyə bilərik ki, indiki dövrdə milli dövlətlərin uğurlu inkişafı yalnız daxili faktorlarla şərtlənmir, burada ölkələrin xarici siyasət kursunun paradiqmalarını düzgün müəyyənləşdirmələri, regional və qlobal əməkdaşlığa verdikləri töhfələr, beynəlxalq münasibətlər sistemində tutduqları mövqe çox mühüm amillər qismində çıxış edir.
Mayın 6-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə ilk rəsmi səfəri ərəfəsində Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibənin ruhu və dünən səfərin yekunları ilə bağlı mətbuata bəyanatının tezisləri iki ölkə arasındakı əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoyduğuna dəlalət edir.
Qeyd edə ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2013-cü il tarixli 2744 saylı sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vietnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vietnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur. Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində əsaslı olaraq bildirib ki, Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. İkitərəfli əlaqələr son illər daha da inkişaf etməkdədir”. Hər iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında geniş və əhatəli əməkdaşlıq münasibətləri mövcuddur. Bunla bağlı Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə vurğuladığı kimi, “partiyalararası əlaqələr qarşılıqlı siyasi etimadın təzahürü olmaqla yanaşı, ideoloji və institusional müstəvidə münasibətlərin dayanıqlı inkişafına xidmət edir. Bu dinamika, xüsusilə də qarşılıqlı səfərlər fonunda daha da güclənməkdədir”.
Prezident İlham Əliyev müsahibədə Vyetnam liderinin ölkəmizə səfəri ilə bağlı bildirdi ki, bu fəal əməkdaşlığa mühüm təkan olacaq: “Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. Səfər çərçivəsində siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. Sözsüz ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir”.
Göründüyü kimi Azərbaycanla Vyetnam arasında hər iki dövlətin və xalqın maraqlarını ifadə edən siyasət həyata keçirilir. Təbii ki, bu siyasət bundan sonra daha da inkişaf etdiriləcək və dinamik xarakter alcaq. Qazanan isə hər iki dövlət və xalqı olacaq.
Ramilə Seyidova ,
YAP Siyəzən rayon təşkilatının sədr müavini