Azərbaycan və Türkiyə qardaşlığının zirvəsi – Şuşa Bəyannaməsi
15 iyun 2021-ci ildə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür. Bu mövcud münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi hər iki dövlətin rəhbərinin məqsədyönlü siyasətinin təzahürüdür. Dərin köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri müasir dünyamızda yeni müstəvidədir. Siyasi və tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi – Müttəfiqlik haqqında Bəyannamə dost ölkələr arasındakı əlaqələri daha yüksək zirvəyə qaldırdı. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir sıra qarşılıqlı bağlara malik olan xalqlar bütün zamanlarda bir-birinə dəstək olublar və bu gün də belədir. Təbii ki, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz, eləcə də bölgə üçün önəmli layihələr reallaşır. Vurğulamalıyıq ki, Azərbaycanın regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrdə fəal iştirakının nəticəsi olaraq, Azərbaycan-Türkiyə arasında beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. reallaşıb. Şuşa Bəyannaməsində yer alan müddəaya əsasən, regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycan qabaqcıl rol oynayır. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri bundan sonra da əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq Azərbaycan və Türkiyə regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə ediblər.
Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır. Əminliklə bildirək ki, Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri, o cümlədən, tərəflərin siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsi münasibətlərin inkişafında əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd olunduğu kimi, öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən qardaş dövlətlər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.
Təbii ki, Bəyannamədə diqqətimizi çəkən məqamlardan biri də hərbi əməkdaşlıq və milli təhlükəsizlik ilə bağlıdır. Sənəddə qeyd olunduuğu kimi tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. Bu, əlbəttə ki, Azərbaycana qarşı olanlara bir mesajdır.
Sözügedən Sənəd bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Belə ki, Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər də yer alıb. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına öz töhfəsini də verəcəkdir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələr də öz əksini tapmışdır.
Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə, türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyət kəsb edir.
Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində Zəfər qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu. Torpaqlarını işğaldan azad edən Azərbaycan tarixi ədalətin beynəlxalq hüququn tələbləri çərçivəsində bərpasına nail oldu. Bu yolda Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini Azərbaycan hər zaman yüksək qiymətləndirir. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti “Azərbaycan tək deyil”, – deyə bildirmişdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır.
Türkiyə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də yaxından iştirak edir. Şuşa Bəyannaməsi təbii ki, Azərbaycan və Türkiyə dövlətlərinin sənəddə nəzərdə tutulan istiqamətlər üzrə əməkdaşlığında mühüm əhəmiyyət kəsb edərək, tarixdə yer alıb.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri