Analitika

Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır

“Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Bu xüsusda Azərbaycan-Tacikistan əlaqələri də müstəsna əhəmiyyətə malikdir”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq şəklində də inkişaf etməkdədir. İki ölkə rəsmiləri dəfələrlə Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi təşkilatların müxtəlif səviyyəli toplantılarında iştirak çərçivəsində görüşlər keçiriblər. Bu həm də dövlətlərin beynəlxalq arenada bir-birinə dəstək olması baxımından da vacibdir. Təsadüfi deyil ki, cari beynəlxalq məsələlərdə Azərbaycanla Tacikistanın mövqeləri bir-birilə uzlaşır. Bütün bu amillər iki ölkə münasibətlərinin sürətli inkişafına geniş imkan yaradıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın vacib sahələrini əhatə edən bir çox sənədlər imzalandı. İki ölkə arasında imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button