Analitika

Azərbaycan və Tacikistan arasında çoxşaxəli əlaqələr mövcuddur

Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün yaxşı perspektivlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprelin 5-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə etdiyi dövlət səfəri də Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə xidmət edəcək. Təsadüfi deyil ki, dövlət başçımızın bu səfəri Tacikistanın prezidenti tərəfindən iki ölkə arasında münasibətlərin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət kimi dəyərləndirilib. Aprelin 5-də Azərbaycan və Tacikistan prezidentləri arasında keçirilmiş təkbətək və geniş tərkibli görüşdən, eləcə də sənədlərin imzalanmasından sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Bu bəyanatlarda Prezident İlham Əliyevin Tacikistana etdiyi dövlət səfərinin yüksək səmərəliliyi və iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyi qeyd edilib. Diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurması və bu gün qardaş xalqların rifahına xidmət edən sanballı nəticələr əldə edə bilməsi xüsusi vurğulanıb. Diqqətəlayiq haldır ki, ölkələrimiz arasında səmimi münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğu və bu gün Azərbaycan-Tacikistan qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz Ümummilli liderimiz tərəfindən qurulmuş qarşılıqlı etimada dayanan əsaslar üzərində inkişaf etdiyi Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən xüsusi qeyd edilmişdir. Dövlət səfəri çərçivəsində ölkələrimiz arasında bir sıra mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və digər protokol və sazişlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin tamamilə yeni, daha yüksək inkişaf mərhələsinə keçidini təmin edəcək.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button