
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında Bakıda yüksək səviyyəli görüşlər keçirilib. Bu səfər Somali Prezidentinin Azərbaycana ilk rəsmi səfəri kimi tarixə düşüb və iki ölkə arasında dostluq münasibətlərində yeni bir səhifənin açılmasına təkan verib. Görüşlər çərçivəsində Prezidentlər qarşılıqlı maraq doğuran bir sıra mövzuları müzakirə ediblər. Görüşlərdən sonra hər iki lider mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb və əməkdaşlığın gələcək perspektivlərinə toxunub.
Məhz, Prezident İlham Əliyev bəyanatında Somali Prezidentinin səfərinin əhəmiyyətinə toxunaraq, bu səfərin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm bir addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Somali beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edir. Bu təşkilatlar çərçivəsində Azərbaycan və Somali daim bir-birini dəstəkləyib və gələcəkdə də bu əməkdaşlıq davam edəcək.
Qeyd edək ki, İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı əsas müzakirə mövzularından biri olub. Prezident İlham Əliyev Azərbaycanın müdafiə sənayesi sahəsində güclü potensiala malik olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlıq imkanlarının olduğunu bildirib. O, həmçinin, Azərbaycanın kənd təsərrüfatı, enerji və texnologiya sahələrində əldə etdiyi uğurları qeyd edərək, Somalinin bu təcrübədən faydalana biləcəyini deyib.
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud çıxışı zamanı Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu və Somalinin müxtəlif texniki heyətlərinin Azərbaycana səfər edərək mövcud və yeni imkanları dəyərləndirməyə hazır olduğunu vurğulayıb.
Bu rəsmi səfər Azərbaycan və Somali arasında münasibətlərin strateji əhəmiyyətini daha da artırıb. İmzalanan sazişlər, aparılan danışıqlar və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi, siyasi və humanitar əlaqələrin inkişafına xidmət edəcək. Azərbaycan, xüsusilə də enerji, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində Somali ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Səfər həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasını və yeni tərəfdaşlıqlar qurmasını nümayiş etdirir. Bu baxımdan, Somali ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Afrika qitəsində mövqeyini möhkəmləndirə və yeni bazarlara çıxış imkanlarını artıra bilər.
Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, bu səfər Azərbaycan ilə Somali arasında dostluq münasibətlərində yeni bir mərhələnin başlanğıcı olacaq. İki ölkə arasında imzalanan razılaşmalar və gələcəkdə həyata keçiriləcək layihələr bu əlaqələrin daha da möhkəmlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığa şərait yaradacaq.
Əliyeva Tünzalə,
Yeni Azərabycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi