![](https://globalnews.az/wp-content/uploads/sites/11/2025/02/meqale4-17-780x470-1.jpg)
Fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iştiraki ilə ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Belə ki, fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki ölkənin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı.Daha sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərdən bəhs etdilər. Azərbaycan və Somali liderləri geosiyasi vəziyyəti, regionların qarşılaşdığı çağırışları və ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərini geniş şəkildə müzakirə etdilər. Prezident İlham Əliyev ölkəmizin 1990-cı illərdən başlayaraq beynəlxalq səviyyədə tanınmış ərazilərinin erməni işğalından azad edilməsi uğrunda keçdiyi çətin tarixi mərhələ barədə Somalinin dövlət başçısına məlumat verdi. Tərəflər, həmçinin terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyə malik olduqlarını bir daha vurğuladılar.Azərbaycan və Somali arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Hazırda Somali tələbələri Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Azərbaycanda təhsil alırlar. Yeni imzalanmış sənədlər isə bu imkanları daha da genişləndirməyə xidmət edir. İlkin mərhələdə 10 somalili tələbənin Azərbaycanda təhsil alması nəzərdə tutulur, gələcəkdə isə bu sayın daha da artırılması planlaşdırılır.Azərbaycan Somali iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymaq imkanlarını da araşdırır. İki ölkənin nümayəndə heyətləri Somalidə sərmayə imkanlarını müzakirə edərək infrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialını qiymətləndirdilər. Somali Prezidenti bu ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu qeyd etdi. Azərbaycan isə kənd təsərrüfatında özünü təmin etmə siyasəti çərçivəsində bu sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.Müdafiə sahəsində əməkdaşlığımızı genişləndirilmək məqsədilə ölkələrimiz arasında xüsusi razılaşmalar imzalandı.
Təhsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi, həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları, bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir.
Vüqar Muradov,
YAP Sabunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi