
25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. 2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. 01.01.2024-cü il tarixinə Azərbaycan Respublikasında 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 19.04.2013-cü il tarixində imzalanmışdır və hazırda da qüvvədədir. Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 19.04.2013-ci il tarixində imzalanmış, 12.08.2013-cü il tarixində qüvvəyə minmişdir.
Ölkələrimiz arasında siyasi dialoq da dinamik xarakter daşıyır. Sabiq Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 28-29 iyun 2007-ci il tarixində Skopyeyə, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 12 aprel 2023-cü il tarixində Bakıya işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qısa zaman ərzində Şimali Makedoniya Respublikasının prezidenti Qordana Silyanovska-Davkova ilə ikinci görüşü mövcud münasibətlərin zamanla dərinləşməsinin əyani sübutudur. Daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşmüşdür. Bununla yanaşı Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Qrupun rəhbəri millət vəkili Fazil Mustafadır.
Şimali Makedoniya Məclisində müvafiq parlamentlərarası dostluq qrupunun 8 üzvü var. Qrupun rəhbəri Enes İbrahimdir. Eyni zamanda siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməli, müvafiq dövlət qurumları, təbii olaraq, sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq gözlənilən haldır ki, rəsmi səfərdən sonra bu boşluq da doldurulacaq. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi. Bu il artıq müntəzəm olaraq Azərbaycan Makedoniya bazarını təbii qazla təmin edəcəkdir, hətta gələcəkdə lazım olan həcmdə qaz təchizatını artırmaq da mümükündür, çünki Azərbaycan bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır.
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və müştərilərin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, Azərbaycanın qaz istehsalı bundan daha çoxdur, ona görə də əhatə dairəsi, qaz təchizatının coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşların xahişlərinə hər zaman dövlətimiz tərəfindən böyük diqqətlə yanaşılıb. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.
Cabarova Günəş,
Xəzər rayonu, Z.Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi