Azərbaycan və Qazaxıstanın DİN rəhbərləri memorandum imzaladı
Fevralın 22-də Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabanı ziyarət edib, Heydər Əliyevin abidəsi önünə əklil qoyub.
Həmin gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. V.Eyvazov bu səfərin iki dost ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirərək ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə nazir V.Eyvazova məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyini bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında Memorandum”u imzalayıblar.